İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb. Ukrayna lideri Volodimir Zelenski də bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib. Əraqçi bildirib ki, ukraynalı həmkarı onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib: “İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir”.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Maleki isə bildirib ki, Tehran Xəzər dənizində gəmiyə edilən hücumla bağlı Ukraynaya hərbi cavab verməyi gündəliyinə daxil edib. Onun sözlərinə görə, İran əvvəlcə məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə Kiyevə ultimatum göndərib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Rusiya və İran bu hadisə üzərindən bir kampaniyaya başlayıblar. Onun sözlərinə görə, Tehran və Moskva Ukraynanı az qala “beynəlxalq cinayətkar” kimi təqdim etməyə çalışırlar:
“Ukrayna XİN başçısı vəzifəsini icra edən Andriy Sibiqa deyir ki, İran özünü hansısa ciddi itkiyə məruz qalmış tərəf kimi təqdim etməyə çalışır. Əslində isə orada 3 gəmi vurulub. Onlardan biri hərbi, digəri mülki gəmidir, üçüncüsü isə yedəkdir. Gəmilərin birində silah-sursatın olması və onun Rusiyaya daşınması barədə məlumat da dəqiq olub”.

Üzeyir Cəfərov: Ukrayna da ABŞ və İsraillə birlikdə İrana qarşı cəbhə alsa...
Müsahibimiz deyir ki, Rusiya prezidetinin sözçüsü Dmitri Peskovun da açıqlamasına diqqət yetirməliyik:
“O deyir ki, “ümumi düşmənə qarşı birlikdə mübarizə aparmalıyıq”. Rusiyanın marağı nədir ki, baş vermiş hadisə ilə bağlı dərhal öz münasibətini açıqlayıb. Təəssüflər olsun ki, Rusiya Ukrayna ilə müharibəsinə Xəzər dənizini də cəlb edib. Bu, Xəzəryanı ölkələr üçün də zərərli, təhlükəlidir. Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin rusiyalı həmkarı Vladimir Putinə müharibəni dayandırmaqla bağlı çağırışı da təsadüfi deyildi. Çünki bu müharibənin mahiyyəti bəlli deyil, hansı hədəflər uğrunda aparıldığı da bilinmir”.
“Mən şəxsən indiki həssas məqamda İrana məsləhət görməzdim ki, Ukraynanı hədələsin. Ukrayna da ABŞ və İsraillə birlikdə İrana qarşı cəbhə alsa, bu, Tehran üçün çox acı nəticələr doğura bilər”, - deyə Üzeyir Cəfərov qeyd edib.
Aydın Baxış
Bakı 



