İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı verdiyi son bəyanat ətrafında müzakirələr hələ də davam etməkdədir.
Bəzi ekspertlərə görə, Pezeşkianın Azərbaycanla bağlı mövqeyini açıq şəkildə dilə gətirməsi iki ölkə arasında uzun illərdir davam edən soyuqluğun bitməsinə səbəb ola bilər.
İranın ermənipərəst mövqeyini nəzərə alsaq, Azərbaycanla isti münasibətlərin formalaşması gözləniləndirmi?
Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Pezeşkianın son bəyanatı İran-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıla biləcəyinə işarədir:
"Pezeşkianın "günah bizdədir" ifadəsi təkcə diplomatik nəzakət deyil, həm də İranın bölgədəki siyasətində korrektə gedə biləcəyinin siqnalı kimi dəyərləndirilə bilər. Bu cür açıqlama son illərdə xüsusilə təhlükəsizlik, sərhəd məsələləri və İsrail faktoruna görə gərginləşmiş münasibətlərə nisbətən daha praqmatik və mülayim yanaşmanın başlanğıcı ola bilər”.
Müsahibimiz qeyd edib ki, əgər İran doğrudan da qarşılıqlı etimadın bərpası və əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar atarsa və bundan öncə etdiyi səhvlərini bir daha təkrarlamamağa çalışarsa, bu, təbii olaraq Azərbaycan tərəfindən də müsbət qarşılanacaq.
K.Məmmədlinin sözlərinə görə, Azərbaycanın xarici siyasəti balanslıdır və əsas prioritetlərdən biri qonşularla sabit və qarşılıqlı faydalı münasibətlərin qurulmasıdır. Bu baxımdan Azərbaycan Pezeşkianın da etiraf etdiyi kimi, heç zaman dostuna və qonşusuna qarşı məkirli planı olmayıb. Problemin səbəbkarı İran olub.
Kamran Məmmədli: Ümumilikdə, Pezeşkianın bəyanatı müsbət və ümidverici siqnaldır, amma...
"Ümid edirik ki, Pezeşkianın bu bəyanatı yalnız sözdə deyil, eyni zamanda əməldə də özünü əks etdirəcək. İran daxilindəki siyasi qüvvələrin, xüsusən də İnqilab Keşikçiləri Korpusu və dini rəhbərliyin Pezeşkianın bu yanaşmasına nə dərəcədə dəstək verəcəyi də önəmlidir. Əgər daxili təzyiqlər Pezeşkianın siyasətini məhdudlaşdırsa, münasibətlərin istiləşməsi çətinləşə bilər. Ümumilikdə, Pezeşkianın bəyanatı müsbət və ümidverici siqnaldır. Amma münasibətlərin real dəyişməsi üçün tərəflərin qarşılıqlı etimadı möhkəmləndirən, konkret əməkdaşlıq addımları atması lazımdır", - Kamran Məmmədli şərh edib.
Gülşən Şərif