• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

İrəvanın KTMT oyunu: Ermənistan Rusiya təsirindən xilas ola bilsə, bu, gələcəkdə...

SİYASƏT

01 Aprel 2025 | 14:13

İrəvanın KTMT oyunu: Ermənistan Rusiya təsirindən xilas ola bilsə, bu, gələcəkdə...

Ermənistan "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.

Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməkdən imtina etməsi hansısa dəyişikliyə səbəb ola bilərmi? Ümumiyyətlə, Ermənistanın KTMT-dən uzaqlaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın KTMT-nin 2025-ci il büdcəsini maliyyələşdirməkdən imtina etməsi sadəcə maliyyə məsələsi deyil.

Onun sözlərinə görə, bu, eyni zamanda Ermənistanın son illərdə yürütdüyü xarici siyasətdə ciddi kurs dəyişikliyinin göstəricisidir. Politoloq bildirib ki, KTMT-nin büdcəsi üzv ölkələrin ianələri ilə formalaşır. Ermənistanın bu büdcəyə pul ayırmaması onun təşkilat daxilində formal statusunu qorusa da, faktiki olaraq passiv üzv olmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində, gələcəkdə Ermənistanın KTMT-dən tamamilə çıxma ehtimalını gücləndirir.

Müsahibimiz qeyd edib ki, Ermənistanın KTMT-dən uzaqlaşmasına səbəb onun daha çox Avropa İttifaqı, Fransa və ABŞ ilə əməkdaşlıq etmək niyyəti ilə əlaqəlidir. Bu isə Rusiya təsirinin İrəvanda zəifləməsi demək olacaq.

Kamran Məmmədli: Ermənistanın KTMT-dən uzaqlaşmasına səbəb onun daha çox Avropayla əməkdaşlıq niyyəti ilə əlaqəlidir

K.Məmmədliyə görə, Ermənistan bunu Rusiya-Ukrayna müharibəsi davam edən ərəfələrdə etməyə çalışır ki, Rusiyanın mümkün Ermənistana müdaxilə imkanları aşağı olsun.

"Paşinyan hakimiyyəti güman edir ki, Rusiyanın başı Ukraynaya qarışdığı ərəfələrdə onların ikinci cəbhə açması real deyil. Lakin Paşinyan hakimiyyəti eyni zamanda ehtiyatını da qoruyaraq bir dəfəyə addım atmaq əvəzinə, uzaqlaşmanı mərhələli şəkildə həyata keçirir. Əgər Ermənistan uğurlu şəkildə KTMT-dən və Rusiya təsirindən xilas ola bilərsə, bu, gələcəkdə digər KTMT üzvlərinin də oxşar addımlar atması ilə nəticələnə bilər", - deyə Kamran Məmmədli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR