İsrail və Livan atəşkəs rejiminin tətbiqi və Livan ordusunun nəzarəti altında “pilot zonaları” yaratmaq barədə razılığa gəliblər. Razılıq ABŞ paytaxtı Vaşinqtonda iki günlük danışıqlarda əldə olunub.
Məlumata görə, Hizbullah yaraqlıları bu zonalara buraxılmayacaq. Bəyanatda qeyd olunur ki, Amerika Birləşmiş Ştatlarının himayəsi altında aparılan danışıqlardan sonra İsrail və Livan Hizbullah atəşinin tamamilə dayandırılması və bütün Hizbullah üzvlərinin Cənubi Litani sektorundan təxliyə edilməsi şərti ilə atəşkəsin tətbiq olunması barədə razılığa gəliblər. Təhlükəsizlik zonalarının yaradılmasının təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin müqavilədə Livan ordusunun bu ərazilərə tam nəzarəti ələ keçirəcəyi nəzərdə tutulur.
Hər iki tərəf Livan Silahlı Qüvvələrinin ərazi üzərində müstəsna nəzarəti həyata keçirəcəyi və bütün qeyri-dövlət subyektlərini istisna edəcəyi pilot zonaların yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Bu tədbirlər hərtərəfli sülh və təhlükəsizlik sazişinə doğru irəliləmək məqsədi daşıyır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib ki, Vaşinqtonda hazırlanan “pilot bölgə” və atəşkəs mexanizmi bölgənin mürəkkəb geopolitik quruluşu nəzərə alındıqda kifayət qədər kövrək mənzərə yaradır.
Professor vurğulayıb ki, bu cür bir sazişin davamlılığı bölgədəki güc balansları və aktorların strateji prioritetləri ilə birbaşa bağlıdır:
“Sazişin mərkəzində dayanan Livan ordusunun sözügedən bölgələri Hizbullah ünsürlərindən təmizləyəcək və nəzarət altında saxlayacaq hərbi və siyasi potensiala sahib olub-olmaması ən kritik sualdır. Livan ordusu ölkədəki həssas siyasi balanslardan müstəqil bir aktor deyil. Hizbullahın yalnız hərbi struktur deyil, eyni zamanda Livan siyasətinin əsas tərkib hissələrindən biri olması reallığı ordunun bu struktura qarşı sərt təmizləmə əməliyyatı həyata keçirməsini çətinləşdirir. Ordunun bölgədəki hərbiləşdirilmiş ünsürlərin qarşısını almaq üçün lazım olan təchizata və iradəyə sahib olması xarici yardımlardan və daxili siyasi konsensusdan asılıdır. Hizbullah “müqavimət” ritorikası və regional strateji dərinliyi vasitəsilə mövcudluğunu qoruyur”.
Analitikə görə, Hizbullahın “pilot bölgələrdən çəkilmək” şərtini qəbul etməsi təşkilatın strateji dərinliyindən imtina etdiyi mənasına gəlmir:
“Təşkilat bu bölgələri birbaşa hərbi mövcudluğu ilə deyil, yerli tərəfdarları və ya “mülki” görünüşlü ünsürləri vasitəsilə nəzarətdə saxlamağa davam etmək meyli göstərə bilər. Təşkilat beynəlxalq təzyiqi azaltmaq və Livan üzərindəki iqtisadi-siyasi embarqoları yumşaltmaq naminə bu sazişi müvəqqəti bir “taktiki geri çəkilmə” kimi görə bilər. İsrail üçün bu cür sazişlər adətən sərhəd təhlükəsizliyinin xarici mənbələr tərəfindən təmin edilməsi üzərində qurulur. İsrailin təhlükəsizlik doktrinası sərhədin o tayındakı hər hansı şübhəli hərəkəti və ya Hizbullahın logistik potensialının davam etməsini “pozuculuq” kimi qəbul etməyə meyillidir. Sazişin icrasında hər hansı bir nasazlıq fərq edildiyi təqdirdə, İsrailin birtərəfli müdaxilə hüququnu özündə saxlaması sazişi hər an sonlandıra biləcək bir tətikləyicidir”.
Hasan Oktay: Tərəflər arasındakı bu saziş əgər yalnız bir atəşkəsi hədəfləyirsə, uğurlu ola bilər
H.Oktay qeyd edib ki, Vaşinqtonun vasitəçiliyi sazişə bir qanunilik qazandırsa da, onun sahədəki aktorlar üzərindəki təsirinin sərhədləri var:
“İranın yanaşması və Hizbullah üzərindəki təsiri sazişin ömrünü müəyyən edən ən xarici və ən güclü amillərdən biridir. Regional güclərin sazişdən məmnun qalmaması və ya status-kvonun pozulmasını öz xeyrinə görməsi halında sahədəki pozuntuların artması qaçılmazdır”.
Müsahibimizə görə, tarixi təcrübələr göstərir ki, kağız üzərində qalan bu cür “təhlükəsizlik zonası” modelləri tərəflərdən birinin status-kvodan narazılığı və ya digər tərəfin (İsrail) təhlükəsizlik qayğıları tətikləndiyi anda çökür. Onun fikrincə, əgər bu saziş yalnız bir atəşkəsi hədəfləyirsə, uğurlu ola bilər.
“Lakin Hizbullahı sahədən tamamilə təmizləməyi hədəfləyirsə, bu vəziyyətin Livanı daxili müharibəyə sürükləmə və ya münaqişəni yeni müstəviyə daşıma riski mövcuddur”, - deyə Hasan Oktay əlavə edib.
Aydın Baxış
Bakı 




