• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İsrailin Suriyada druz strategiyası və regional güc mübarizəsi

DÜNYA

18 Iyul 2025 | 13:46

İsrailin Suriyada druz strategiyası və regional güc mübarizəsi

İsrailin Dəməşqə endirdiyi son hava zərbələri bölgədəki böyük geosiyasi oyunun yeni mərhələyə keçdiyini göstərir.

Bu hücum, hərbi əməliyyatdan daha çox strateji siqnallar daşıyır: Təl-Əviv bölgədə mərkəzləşdirilmiş, tək hakimiyyətə əsaslanan Suriyanın deyil, zəifləmiş, mümkün qədər federativ bir dövlət strukturunun tərəfdarıdır. Bu yanaşma, həm İranın, həm də Ankaranın bölgədəki nüfuzunun qarşısını almağa hesablanıb.

İsrail Suriyanın gələcəyini İraq modeli əsasında dizayn etmək istəyir - yəni zəif mərkəz, güclü yerli idarəetmələr. Bu məqsədə çatmaq üçün istifadə etdiyi əsas alətlərdən biri isə Suriyanın azsaylı, lakin strateji əhəmiyyət daşıyan druz icmasıdır. Bu icma üzərindən Suriyanın federallaşmasını təşviq etmək və mərkəzdənkənar muxtariyyət nümunəsi yaratmaq Təl-Əvivin maksimal hədəfidir. Minimal məqsəd isə druz bölgələrini Dəməşqə qarşı “bufer zona”ya çevirməkdir.

Bu planın fonunda Suveyda vilayətində baş verən druz-bədəvi qarşıdurması təsadüfi görünmür. Əvvəllər lokal səviyyədə baş verən bu tip toqquşmaların indi genişmiqyaslı eskalasiyaya çevrilməsi, İsrailin bölgədə yeni bir idarəetmə modelinə zəmin yaratmaq cəhdinin nəticəsi ola bilər. Əlavə olaraq, Əhməd əl-Şara ilə Bakıda aparılan danışıqların nəticəsiz qalması, Təl-Əvivin hərbi təzyiqlərlə prosesə müdaxilə niyyətini gücləndirir.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu mərhələdə İsrailin Suriyaya yönəlik planları ABŞ-ın Tramp Administrasiyası ilə tam uzlaşmır. Vaşinqton - xüsusən yeni dönəmdə - Türkiyənin Suriyada zamin rolunu qəbul edir və ölkənin bütövlüyünün qorunmasına üstünlük verir. Bu isə Təl-Əvivin strateji məqsədləri ilə ziddiyyət təşkil edir və bölgədə ABŞ-Türkiyə-İsrail üçbucağında mümkün gərginliklərə yol aça bilər.

Digər tərəfdən, Ankaranın bölgədə daha çox fəallaşması və zamin statusu qazanması, PYD/YPG məsələsində ciddi tutum sərgiləməsi, həm də Suriya müxalifətinə təsir imkanları İsrailin manevr sahəsini daraldır. Türkiyə bölgədə İranla müqayisə edilməyəcək qədər effektiv və strateji oyunçudur və bu fərq Təl-Əvivin hesablamalarını çətinləşdirir.

İsrailin Dəməşqə hücumu həm də onun siyasi-mənəvi üstünlük yaratmaq cəhdidir: İranla apardığı “gizli savaş”da əldə etdiyi uğurları Suriya ərazisində təkrarlamaq istəyir. Lakin Suriyanın daxili strukturunun fərqli olması, regional ziddiyyətlərin daha kəskin təzahürü, həm də Türkiyənin yeni statusu bu planların çətin həyata keçəcəyini göstərir.

Bu şərtlərdə dialoq kanallarının açıq qalması böyük əhəmiyyət daşıyır. Bakı bu konteksdə neytral məkanda diplomatik təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli platformaya çevrilə bilər. Əgər danışıqların ünvanı olaraq Azərbaycan seçilərsə, bu, ölkəmizin regionda balanslaşdırıcı rolunu bir daha təsdiqləyəcək.

Sonda qeyd edilməlidir ki, Suriyada baş verənlər təkcə yerli və ya regional məsələ deyil - bu, həm də qlobal güclərin toqquşma və uzlaşma nöqtəsidir. İsrailin druz kartı üzərindən yaratdığı yeni cəbhə, böyük oyunun sadəcə bir epizodudur. Bu epizodun necə bitəcəyi isə yalnız Təl-Əvivin deyil, Ankaranın, Vaşinqtonun və digər oyunçuların növbəti addımlarından asılı olacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR