Türkiyənin İstanbul şəhərində yerləşən Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının inzibati binasının damında yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 10-da axşam saatlarında Kartal rayonunda qeydə alınıb. Yanğının havalandırma boşluğunda başladığı və dam örtüyünə yayıldığı bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibbi yardım qrupları cəlb olunub. Təhlükəsizlik məqsədilə tüstüdən təsirlənmə ehtimalı olan bölmədəki təxminən 40 nəfər təxliyə edilib.
İstanbul Valiliyinin məlumatına görə, yanğın söndürülüb, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Təxliyə edilən şəxslər işlər başa çatdıqdan sonra yenidən xəstəxana binasına qaytarılıblar.
Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
***
21:25
İstanbulda yerləşən Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasında yanğın baş verib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar xəstələrin təxliyəsinə başlanılıb.
Ətraflı məlumat veriləcək.
















