ABŞ Prezidenti Cozef Baydenin səlahiyyət müddəti başa çatmaqda olan administrasiyası Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni neft və qaz yataqlarının işlənməsini qadağan etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər artıqa yanvarın 6-da elan edilə bilər. Onların 625 milyon akr (2,5 milyon kv.km) ərazini əhatə edəcəyi ehtimal olunur. Bu, Bayden administrasiyasının qalıq yanacaq istifadəsi və istixana qazları ilə mübarizə üzrə atacağı növbəti addım kimi qiymətləndirilir.
Nəşr qeyd edir ki, bu tədbir uzunmüddətli ola və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ölkədə neft və qaz hasilatını artırmaq işini çətinləşdirə bilər.
Bayden hələ 2020-ci ildə seçki kampaniyası zamanı dövlət torpaqlarında və dəniz şelfində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini tamamilə dayandırmaq planlarını açıqlamışdı. O, vəzifəyə gəldikdən sonra bu məqsədlə federal torpaqların icarəyə verilməsinə moratorium tətbiq edib.