• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə: Rəqabət daha da gücləndiriləcək

İQTİSADİYYAT

07 Dekabr 2022 | 12:47 | Müəllif: Qalib İbrahimoğlu

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə: Rəqabət daha da gücləndiriləcək

Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. “Kölgə iqtisadiyyatı”nın mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları var.

Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.

Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarıblar.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 dekabr 2022-ci ildə qüvvəyə minən Qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edildi, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib.

Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcək.

Deputat Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi vacib prioritetlərdəndir: “Nəzərə alaq ki, Azərbaycanda 2018-ci ildən etibarən “kölgə iqtisadiyyatı”nın minimumlaşdırılması ilə bağlı daha sistemli tədbirlər həyata keçirilir. O baxımdan, yeni səlahiyyətlərin verilməsi, xüsusən də, vergidən yayınan şirkətlərin aşkar edilməsi və qeydiyyata düşmədiyi halda iqtisadi fəaliyyət həyata keçirən şirkətlərin müəyyənləşdirilməsinə imkan verəcək”.

Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətlət genişləndirilib: “Xüsusən də, vergi bazasının genişləndirilməsi, vergi sistemində şəffaflığın artması müşahidə olinur. Eyni zamanda, bağlanmış əmək müqavilələrinin sayında da artım var. Amma bütün bunların fonunda, təbii ki, bu fəaliyyətlərin genişləndirilib davam etdirilməsi çox vacibdir”.

Vüqar Bayramov hesab edir ki, yeni səlahiyyətlərin verilməsi birmənalı şəkildə “kölgə iqtisadiyyatı”nın minimumlaşdırılması, vergidən yayınmaların qarşısının alınması və iqtisadiyyatda rəqabətin daha da gücləndirilməsinə imkan yaradacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026