• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kreml “qırmızı cizgiləri” aşıb - Politoloq

DÜNYA

22 Dekabr 2021 | 14:13 | Müəllif: Qalib İbrahimoğlu

Kreml “qırmızı cizgiləri” aşıb - Politoloq

“Kreml özü “qırmızı cizgiləri” aşıb və belə məlum olur ki, onun şərtləri qəbul olunmasa Ukraynaya müdaxilə planı həyata keçiriləcək. Kreml danışıqlar tələb edir, özü də bu tələbi irəli sürərkən masada yalnız Vaşinqtonun olmasını istəyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kreml Qərbə qarşı siyasətini sərtləşdirib, mesaj bundan ibarətdir ki, Ukrayna NATO üzvü olarsa Rusiya ordusu Ukraynaya daxil olacaq:  “Bu,  hələ bir az “mədəni” mesajdır, əslində demək istəyirlər ki, “Ukrayna və Rusiyaya yaxın ölkələr Kremlin arxa baxçasıdır, bu dövlətlər NATO üzvü və ABŞ-ın müttəfiqi ola bilməzlər”.

Elxan Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Kremlin təhdidi Ukrayna ilə kifayətlənmir: “Rusiya Prezidenti Vladimir Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cizdiyi “qırmızı cizgilər”lə bağlı təcili danışıqlar başlasın. Vaşinqton və Brüssel ultimatum dilini qəbul etmirlər. Qərb “soyuq müharibə” illərində olduğu kimi ölkələri “təsir dairələrinə” bölmək istəmir. Qərbin və NATO-nun ümumi mövqeyi belədir ki, hər bir ölkə xarici və təhlükəsizlik siyasətini seçməkdə sərbəstdir, Ukrayna, Gürcüstan və ya digər dövlət Qərbin iqtisadi və hərbi blokuna qəbul olmaq istəyirsə, bu seçimə hörmət etmək lazımdır” deyən politoloqa görə, Kreml belə bir seçimi tanımaq istəmir. Onun dediyinə görə, Putinin arqumenti budur ki, ABŞ nüvə başlıqları daşıyan raketlərini Polşa və Rumıniyada yerləşdirib, növbədə Ukraynadır, belə olan halda Amerika raketləri Moskvanı bir neçə dəqiqə ərzində vura bilərlər.

“Putinin sözlərinə görə, Vaşinqton nə şifahi, nə də yazılı sazişlərə riayət edir. Vaşinqton bildiyini edir, BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı halda İraqa hücum etdi, bu ölkəni viran qoydu, terrorun yuvasına çevirdi, başqa hallarda isə BMT qərarlarına istinad edir”. Putin fikrini belə davam etdirir ki, İraq və ya Liviyaya Rusiyanın əli çatmadı, Vaşinqtona mane ola bilmədi, ancaq Ukrayna Rusiya üçün “qırmızı çizgidir”.

Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerika ordusunun və kəşfiyyatının zabitləri artıq Ukraynada və Donbassla “təmas xəttində” yerləşiblər: “Beləliklə, Kreml “hədəfləri” böyüdüb, Vaşinqtondan tələb edir ki, “Ukraynanı tərk edin”. Kreml Ukrayna ilə kifayətlənməyərək Amerika raketlərinin Şərqi Avropadan çıxarılmasını, Rusiya sərhəddindəki Baltik ölkələrində hərbi bazalarının yaradılmamasını da tələb edib”.

E.Şahinoğlunun sözlərinə görə, aydındır ki, Vaşinqton və Brüssel Kremlin bu şantajına baş əyməyəcəklər. Belə olan halda Kremlin cavabı nə olacaq? “Kreml özü “qırmızı cizgiləri” aşıb və belə məlum olur ki, onun şərtləri qəbul olunmasa Ukraynaya müdaxilə planı həyata keçiriləcək”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026