• Bakı 20° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Maşın təmiri sexləri Bağ küçəsinin sakinlərinə dağ çəkir: Nə gecəmiz var, nə gündüzümüz...

CƏMİYYƏT

02 Sentyabr 2025 | 15:18

Maşın təmiri sexləri Bağ küçəsinin sakinlərinə dağ çəkir: Nə gecəmiz var, nə gündüzümüz...

Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsinin sakinləri aidiyyəti icra nümayəndəliyindən narazıdırlar. Narazılığa səbəb isə sözügedən küçədə çoxlu sayda maşın təmiri sexinin fəaliyyət göstərməsidir.

Sakinlərin Bakıvaxtı.az-a ünvanladıqları şikayətdə bildirilir ki, bu küçədə avtomobil təmiri sexləri sayı o qədər çoxalıb ki, artıq sınıq-salxaq və ya qəzaya uğramış avtomobillərin əlindən küçədə tərpənmək olmur:

“Qəzaya uğramış avtomobilləri gətirib küçəyə töküblər, onsuz da bu küçə çox dar və ensizdir. Bu sexlər isə nəinki küçəmizi, həyatımızı belə məhv edib. Bəzən elə olur ki, işə piyada getməli oluruq, çünki gecədən sınıq-salxaq avtomobilləri yolun ortasında saxlayırlar, keçmək olmur. Bəzən isə yol elə keçilməz həddə çatır ki, avtomobilimiz vuruq maşınlara sürtülür və ziyana düşürük”.

Sakinlər qeyd edirlər ki, bu  sexlərdən gələn səs-küy isə onların gününü haram edib:

“Yaşlı, xəstə insanlar, körpəli evlər, ailələr var. Hamı boğaza yığılıb. Artıq bu məhlədə “bıçaq sümüyə dirənib”. Avtomobil səsi göyə dirək olur. Bir də görürsən ki, hansısa maşın ustası ayağını qaz pedalına sıxır və motorun səsindən nə yaşamaq olur, nə yatmaq, nə də durmaq. Bu məhlə biabırçı vəziyyətdədir. Sanki insanların rahatlığını düşünən yoxdur. Bu məhlənin sakinləri sanki taleyin ümidinə buraxılıblar”.

Şikayətçilər onu da əlavə ediblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliynin qaynar xəttinə məlumat versələr də, məsələ fundamental həllini tapmayıb:

“Polis əraziyə baxış keçirəndə məhlədəki avtomobilləri yığışdırırlar. Elə ki, polis gedir, yenə öz çirkin əməllərini davam etdirirlər. Sexin rəhbərinə müraciət edəndə “Kimə şikayət edirsiniz, edin!”, “Burda mənəm, Bağdadda kor xəlifə” intonasiyası ilə davranır. Şikayətə, narazılığa, ağsaqqala, ağbirçəyə, uşağa məhəl qoyulmur”.

Sakinlər Nizami Rayon İcra Hakimjiyyətinin başçısı Coşqun Cəbrayılovdan yardım istəyiblər:

“Rayon icra başçısından xahiş edirik ki, bu məsələyə bir əncam çəksin. Əks halda cənab prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanm Əliyevaya müraciət edəcəyik. Bizə başqa çıxış yolu qoymurlar. XXI əsrdə şəhərin mərkəzində işə getməyə yol tapmırıq, səs-küydən nə yata, nə qalxa bilirik. Əsəblərimiz tarıma çəkilib. Olmaz bu qədər!”

Aydın Baxış


SON XƏBƏRLƏR