Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddiaları təkzib edib.
Bakıvaxtı.az xəbər verir ki, o, Todaypress TV-yə açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Belə çıxır ki, bu jurnalistlərin dərdi Misir Mərdanovdur. Bəsdirin bu qədər yalan yazdınız! Niyə mənim adımı hallandırırlar? Allah onlara lənət eləsin. Qoyun da yaşayaq biz öz halımızla. Axı belə jurnalist olmaz. Bilmədiyiniz şeyi niyə yazırsınız? Olmayan şeyi niyə uydurursunuz? Mən bir Azərbaycan vətəndaşıyam, qoyun normal, sağ-salamat yaşayım. Nə istəyirsiniz məndən? Elə bil bu jurnalistlərin işi-gücü ancaq budur. Bir dəfə də olsun yaxşı bir şey yazın!" , - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri yaxın vaxtlarda Bakı Dövlət Universitetində boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq. Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyiblər.
Bakı 




