Yaxın Şərqdə davam edən münaqişələrin və dünyanın ən böyük neft istehlakçı ölkələri olan ABŞ və Çində iqtisadi fəallığın artmasının neftə olan tələbi artıracağı ehtimal olunur.
Ekspertlərə görə, İran-İsrail münasibətlərində və Yaxın Şərqdə artan gərginlik neft qiymətlərinə təsirsiz ötüşmür. Əgər qarşıdakı dövrdə gərginliklər daha da artarsa, neftin qiyməti 130 dollara kimi çata bilər.
Bu günə olan məlumata görə isə Londonun ICE (InterContinental Exchange Futures) birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 77,7 dollar olub. Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 74,13 dollar təşkil edib.
Maraqlıdır ki, münaqişələr neft qiymətinə hansı hallarda daha ciddi təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, münaqişələrin enerji bazarına müxtəlif təsirləri var. Lokal xarakterli müharibələr neftin qiymətinə ciddi şəkildə təsir etmir:
"Afrika, Avstraliya və Okeaniya ölkələrindəki münaqişələrin enerji bazarına heç bir təsiri yoxdur. Həmçinin Qırğızstanla Tacikistan arasındakı problem neft qiymətlərinə təsir edə bilməyəcək. Çünki bu ölkələrin problemi su ilə bağlıdır”.
Xalid Kazımlı, iqtisadçı ekspert
“Lakin Fars körfəzində olan münaqişələr daha ciddi təsirə malikdir. Fars körfəzində baş verə biləcək ciddi müharibələr neftin qiymətinin kəskin bahalaşmasına yol aça bilər", - deyə Xalid Kazımlı əlavə edib.
Gülşən Şərif