Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bakıvaxtı.az-a müsahibə verib.
Söhbəti təqdim edirik.
-Bugünlərdə “Reaksiya TV”-də efirə gedən “Alternativ” verilişində politoloq Cünşüd Nuriyev Elçibəy hökumətini hakimiyyətdə qalmaq və hakimiyyətlərini möhkəmlətmək üçün Kəlbəcəri Ermənistana satmaqda ittiham etdi. O, buna dair sənədlər və yazıların da olduğunu iddia etdi. Elçibəy hakimiyyəti dönəmində siz də parlament üzvü olmusunuz. Doğrudanmı o dövrkü hakimiyyət torpaaqları peşkəş edib?
-Verilişi izləməmişəm. Deyim ki, bu kursu tutan adamlar hər zaman olub, var və olacaq. Bəzi vaxtlar aidiyyəti oldu-olmadı, durub belə açıqlamalar verirlər. Cümşüd Nuriyev belə bir iddia, ittiham səsləndiribsə, bu, çox yersiz və uğursuzdur.
O zaman mən də millət vəkili olmuşam, Cümşüd Nuriyev də. Hətta Cümşüd Nuriyev dövlət məmuru olub. Bu cür danışmaq, Azərbaycan xalqının birlik və həmrəyliyə ehtiyac duyduğu, milli birliyə zərurət yarandığı, torpaqlarımızın azad olunduğu bir dönəmdə bu cür açıqlamalar vermək nəyə xidmət edir? Bunu hər kəs bilir. Verilişi izləyib, geniş münasibət bildirəcəyəm.
- Oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə BRİCS dövlət başçılarının 16-cı sammiti keçirilib. Sammit ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bütün bu görüşlərdən sonra Zəngəzur dəhlizinin açılacağına dair ümidlər artmağa başlayıb. Sizcə, dəhlizin açılmasına gedən yol qısadırmı?
- Hər bir görüşdən sonra xüsusi fikir dəyişikliyi baş verir. Azərbaycan özü sülhü diktə etməyənə qədər bunlara inanmaq olmaz. Kazan görüşü əhəmiyyətli görüş idi. Amma növbəti görüşdə bu, əhəmiyyətsiz görüşə çevriləcək. COP29 başlayanda insanlar ümid edəcəklər ki, bu görüşdən sonra dəhliz açılır. Amma deyim ki, Zəngəzur məsələsi Azərbaycanın istək və arzularına uyğun olmalıdır. Zəngəzur dəhlizi məsələsi hamının, hətta bizə uzaq olan dövlətlərin də maraq dairəsindədir.
-Yekun sülhə bağlı Azərbaycan Ermənistanın qarşısına şərt qoyub ki, bunun üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir. Bununla da rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmalıdır. Sizcə, Paşinyan hakimiyyəti buna gedəcəkmi?
- Daha çox uduzan və məğlub olan tərəf sülhə tələsməli və buna meyil göstərməlidir. Harada görünüb ki, qalib tərəf sülhə tələssin. Bunu illərdir deyirik. Qalib gəlmisən şərtlərini diktə et. Xəritələr və sərhədlər məsələsi ciddi məsələlərdir. Bu məsələlər həllini tapandan sonra yekun süldən danışmaq olar. Hər hansı görüşlərdən sonra insanlar ümidlənir. Amma bizi qarşıda ciddi məsələlər gözləyir. Düzdür, bəzi politoloqlar nəsə yazmalı, deməlidirlər, onların da cörəyi bundan çıxır, amma buna çox da inanmaq olmaz. Reallıq başqadır. Ermənistan bizim əzəli, əbədi düşmənimiz olsa da, bu ölkədə də ağıllı adamlar var. Onlar konstitusiya dəyişikliyinə getməlidirlər. Dünyanın hansı dövlətinin konstitusiyasında yazılıb ki, o torpaq mənimdir, Ağrı dağı mənimdir, filan təpə bizə məxsusdur? Belə bir hal heç bir ölkənin kostitusiyasında yoxdur. Ermənistan konstitusiyasında dəyişiklik gec-tez olacaq. Mütləq olacaq. Bizim də ağlımız, gücümüzə, gücümüz də ağlımıza uyğun olmalıdır ki, Paşinyan kimi baş nazirin olması Azərbaycan üçün uğurlu vəziyyət, fürsət yaradır. Ermənistanda konstitusiyanın dəyişdirilməsini bu ölkənin özündə də istəyirlər. Türkiyə də, Azərbaycan da bunu arzulayır. Gərək qonşumuz da bambılı deyil, ağıllı olsun.
- İran-İsrail gərginliyi ilə bağlı Azərbaycan cəmiyyəti və mediasında ikili yanaşma hökm sürür. Kimi 44 günlük Vətən savaşına iqtibas edərək, İsrailə dəstək verməli olduğumuzu, kimi də din məsələsini önə çəkərək İranı müdafiə etməli olduğumuzu bildirir. Sizcə, bu məqamda rəsmi Bakı hansı mövqedən çıxış etməlidir?
- Bu məsələdə Azərbaycan mövqeyindən çıxış etməliyik. Azərbaycan mövqeyi isə reallığı diktə edir. Vətənpərvərliyi və milli movqeyi diktə edir. Hər kəs də bu mövqedən çıxış etməlidir. Müharibə zamanı bizi müdafiə edənlər ortada idi. İran qonşumuz olsa belə, dəstək vermirdi, amma Almaniya bizə hüquqi dəstək verirdi. Bunu unutmaq olmaz. Bizdən uzaq olan qardaşlarımız bizə hüquqi, siyasi dəstək verirdilər. Bunlar ortadadır. Amma İranın qələbəmizi şərtləndirən dəstəyini görməmişik. Bu gün ya İrana, ya da İsrailə dəstək istəyən adamlar öncə Azərbaycanı dəstəkləməlidirlər, vəssalam.
Aydın Baxış