İspaniyanın müdafiə naziri Margarita Roblesin olduğu hərbi təyyarə çərşənbə günü səhər saatlarında Rusiyanın Kalininqrad anklavı yaxınlığından keçərkən GPS siqnalında pozuntu yaşayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ İspaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarədə nazirlə yanaşı İspaniya hərbçilərinin ailə üzvləri də olub. Həmin hərbçilər NATO-nun şərq cinahındakı hava məkanının müdafiəsi üzrə missiyada iştirak edirlər.
Qeyd edək ki, bu missiya bu ayın əvvəlində Polşanın hava məkanını pozan pilotsuz uçuş aparatların vurmasından sonra başlayıb.
Xatırladaq ki, sentyabrın 1-də Bolqarıstanın Plovdiv hava limanında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təyyarəsinin enişi zamanı GPS siqnalının pozulması səbəbindən çətinliklər yaşayıb.