"Kəkələmə ən ağır nitq defektlərindən biridir. Nitq aparatının hər hansı bir sahəsində baş verən qıcolmalar nəticəsində nitqin tempi və ritminin pozulmasıdır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında loqoped, defektoloq Mədinə Əliheydərova deyib. Onun sözlərinə görə, kəkələmə əsasən, 2-5 yaş aralığında əmələ gəlir və qızlara nisbətən oğlanlarda daha çox müşahidə edilir: "Uşaqlarda kəkələmə yaranan kimi, onu dərhal aradan qaldırmaq lazımdır. Kəkələmə ilk başlarda özünü yüngül formada göstərsə də, vaxt keçdikcə daha da ağırlaşır".

Mədinə Əliheydərova, loqoped, defektoloq
Müsahibimiz bildirib ki, kəkələmənin yaranmasının səbəbləri müxtəlifdir. Bu səbəblərdən daha çoxluq təşkil edəni qorxudur. Digər səbəblərə isə uşağın yaşına uyğun olmayan nitqlə yüklənməsi, ailədə iki dillilik , yanlış tərbiyə üsulu ,nitqin ümumi inkişafdan qalması , başqasının nitqini yamsılamaq , ani vəya xroniki stress və s. aid edə bilərik: "Kəkələmənin korreksiyası zamanı kompleks təsir metodundan istifadə edilir. Kompleks yanaşma dedikdə , bu zaman uşağı əhatə edən mühit (ailə, yoldaşları, müəllimlər), psixi vəziyyəti, niqtinə təsir göstərmək nəzərdə tutulur. Korreksiya zamanı ailə, mütəxəssisin nəzarəti altında uşağın gün rejiminə (gündəlik yuxu, qida rejimi və s.) daha çox diqqət etməlidir. Uşaq üçün düzgün yuxu, qida rejimi qurmalı, çox səs-küylü yerlərdən uzaq saxlamalıdırlar. Bunlarla yanaşı üzgüçülük, gimnastika kimi idman növləri ilə də məşğul olunmalıdır".
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan pediatr Qoşqar İsmayılov bildirib ki, nitqdə kəkələmənin əsas səbəbləri var.
"Kəkələmənin xüsusilə də genetik səbəbləri var. Bu, birbaşa nitq mərkəzi ilə bağlıdır. Hamilə vaxtı keçirilən infeksiyalar, yaxud da genetik olaraq uşağın atasında, babasında, anasında varsa, bu problem uşaqda da ola bilir. Bu nitq ləngiməsinə kəkələməyə gətirib çıxara bilər”.

Qoşqar İsmayılov, pediatr
Onun sözlərinə görə, bunun həlli üçün birinci pediatrla danışmaq lazımdır. Müayinədən sonra nəticələrə uyğun müalicə həyata keçirilməlidir. “Burada əsasən də loqopedin rolu böyükdür".
Psixoloq Günay Kərimi də Bakıvaxtı.az-a açıqlamasında uşaqlarda kəkələmə probleminin yaranma səbəblərindən söz açıb. Psixoloqun sözlərinə görə, hər iki valideyni tərəfindən sevgi, diqqət, qayğı görən ailədə, istəkləri, arzuları nəzərə alınan uşaqlar psixoloji problemlər yaşamırlar.
"Könül istər hər bir doğulan uşaq möhkəm təməli qoyulmuş, sağlam, sevgi, hörmət olan ailələrdə dünyaya göz açsınlar. Çətinlik çəkdikləri zaman ailələrinin yanında olduqlarını hər daim bilirlər. Ancaq çox əfsuslar olsun ki, biz dünyaya gəldiyimiz zaman valideynlərimizi seçə bilmirik. Şansımıza necə valideyn düşərsə, onu qəbullanmalı oluruq. Elə uşaqlar var ki, şanslı doğulurlar, elələri də var ki, uşaqlıqlarından bir çox problemlər yaşayırlar. Və bu da istər kiçik, yaşda istərsə də böyüdükcə özünü dərin psixoloji problemlərlə büruzə verir” deyən müsahibimiz qeyd edib ki, ailələrdə valideynlərin uşağa doğru yanaşması, övladına sevgi göstərməməsi, həm psixi, həm də fiziki şiddət göstərməsi, təhqir, tənqid edilən, sevgisizlik içərisində və natamam ailədə böyüyən uşaqlar psixoloji problemlər yaşayırlar. Bu da özünü fərqli formada büruzə verir.

Günay Kərimi, psixoloq
G.Kərimi onu da bildirib ki, bəzi uşaqlar ünsiyyət qurmaqda, sosiallaşmaqda çətinlik çəkirlər, fikrini ifadə edə bilmirlər, özlərinə qapanırlar, bəziləri də kəkələmə problemi yaşayır. Ümumiyyətlə, övladlarımız uşaq vaxtı yaşadıqlarını unutmur və gələcəkdə öz ailəsində gördüklərini təkrar edir. Sevgi görürsə sevgi göstərir, şiddət görürsə şiddət göstərir.
Belə uşaqlar həm loqoped, eyni vaxtda psixoloq yanına aparılmalı, müayinədən keçməlidir: "Valideyn adını qazanmaq çox məsuliyyətlidir. Əgər cütlüklər hazır deyillərsə, dünyaya uşaq gətirməməlidirlər. Sağlam təfəkkürdə ölkəmizə, cəmiyyətimizə yararlı övladlar yetişdirmək üçün əvvəlcə biz özümüz buna hazır olmalıyıq".
Xəyalə Rza






jpg-1697099676.webp)

jpg-1697099361.webp)







