Novruz bayramı ərəfəsində tonqaldan hoppanmaq adətinə əməl edənlər arasında yanıq xəsarəti alanların sayı artır.
Bakıvaxtı.az-ın məlumatına görə, düzgün ilkin tibbi yardım göstərilmədikdə fəsadlar ağırlaşa bilər.
Mütəxəssislər bildirir ki, yanığın dərəcəsindən asılı olaraq müdaxilə qaydaları dəyişir. Birinci dərəcəli yanıqlarda dəridə qızartı və yüngül ağrı müşahidə olunur. Belə hallarda yanmış yerin üzərinə buz qoymaq olmaz. Bunun əvəzinə 10-15 dəqiqə soyuq su altında saxlamaq, daha sonra quru və təmiz saxlamaq tövsiyə edilir. İkinci dərəcəli yanıqlarda su dolu qabarcıqlar əmələ gəlir.
Həkimlər xəbərdarlıq edir ki, bu qabarcıqları deşmək infeksiyaya səbəb ola bilər. Yanmış sahəni steril sarğı ilə örtmək və ağrıya qarşı dərman qəbul etmək məsləhət görülür. Əgər yanıq geniş ərazini əhatə edirsə, tibbi müdaxilə mütləqdir. Üçüncü dərəcəli yanıqlarda isə vəziyyət daha təhlükəlidir. Belə hallarda dəridə qaralma və ya ağ rəngə çevrilmə müşahidə edilir. Ağrının olmaması yanıq zamanı sinir uclarının zədələndiyini göstərir. Bu halda həkimlər dərhal təcili yardım çağırmağı və zərərçəkmişi isti saxlayaraq şok vəziyyətindən qorumağı tövsiyə edir. Yanıq xəsarətləri zamanı səhv müdaxilə ciddi fəsadlara səbəb ola bilər.
Mütəxəssislər vurğulayır ki, ilkin tibbi yardımı düzgün göstərmək infeksiya və ağırlaşmaların qarşısını almaqda əsas şərtlərdən biridir.
Novruz şənlikləri zamanı ehtiyat tədbirlərinə əməl olunmalı və tonqal ətrafında xüsusilə uşaqlar diqqətlə nəzarət altında saxlanmalıdır. Bayram sevincinin faciəyə çevrilməməsi üçün ehtiyatlı olmaq vacibdir.
Nuriyyə Musayeva