Son illərdə qlobal geosiyasi mühitdə nüvə silahlarının roluna yenidən diqqət artır.
ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının dərhal bərpası barədə göstərişi milli müdafiə strategiyası baxımından deyil, həm də beynəlxalq təhlükəsizlik sistemi və strateji sabitlik üçün ciddi əhəmiyyət kəsb edir.
Bu addım həm ABŞ-nin Rusiya və Çinlə olan nüvə qüvvələri balansına birbaşa təsir göstərə, həm də qlobal silahlanma dinamikasını dəyişə bilər. Belə bir qərarın icrası, beynəlxalq ictimaiyyət üçün həm risk, həm də yeni çağırışlar doğura bilər - xüsusilə də artıq mövcud olan strateji sazişlər və nüvə silahlarının yayılmasının qarşısını alma mexanizmləri nəzərə alındıqda.
Bu baxımdan, ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi, "dünyanın aparıcı nüvə dövlətləri arasında yeni bir silahlanma yarışının başlanğıcı kimi qiymətləndirilə bilərmi?" sualını aktuallaşdırır və beynəlxalq təhlükəsizlik kontekstində ciddi diskussiyalara yol açır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, strateji potensial baxımından bu gün dünyada cəmi iki-üç ölkə bir-biri ilə real rəqabətdədir:
"Bunlar ABŞ, Rusiya və Çindir. Digər dövlətlərin potensialı isə daha məhdud xarakter daşıyır. Əslində bu, yeni bir rəqabət deyil — onun kökləri Soyuq müharibə dövrünə gedib çıxır. Həmin vaxt da əsas güc mərkəzləri ABŞ və SSRİ idi. O zaman da nüvə silahlarının istehsalı, yerləşdirilməsi və azaldılması müxtəlif beynəlxalq razılaşmalarla tənzimlənirdi".

Tofiq Abbasov: Soyuq müharibə dövrünün əsas güc mərkəzləri ABŞ və SSRİ idi
Onun sözlərinə görə, gələn il ABŞ və Rusiya arasında bu istiqamətdə yeni sazişin imzalanması gözlənilir. Bununla da strateji silahlanma ilə bağlı müəyyən balansın qorunması məqsədi güdülür. Hazırda Rusiyaya yönələn təhdidlər Moskvanı öz strateji nüvə potensialını yenidən nəzərdən keçirməyə vadar edib. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, zərurət yaranarsa, taktiki nüvə başlıqlarından istifadə edə bilərlər:
"Bu fonda Trampın atdığı addımlar da müəyyən mənada cavab xarakteri daşıyır. İlk olaraq Rusiya bu istiqamətdə fəallaşdı. Avropanın aparıcı dövlətləri isə Moskvaya qarşı psixoloji təzyiq göstərərək onu təcrid etməyə çalışırlar. Ukraynaya hərbi kontingent göndərmək qərarı da bu siyasətin tərkib hissəsidir. ABŞ-nin imkanları məhduddur, lakin Tramp tələsmir və özünəməxsus, selektiv siyasət yürüdür: bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə strateji silahların istifadəsi ilə bağlı bəyanatlar verir. Bu addımların mahiyyəti çəkindirici xarakter daşıyır".
Sonda Tofiq Abbasov diqqəə çatdırıb ki, Moskva ilə Vaşinqton arasında münasibətlərdə ciddi gərginliyin yaranacağı ehtimalı azdır. Alyaskada keçirilən görüşdən sonra tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Strateji məsələlər üzrə addımlarını qarşılıqlı şəkildə tənzimləməyə çalışırlar ki, risklər minimuma endirilsin:
"Bütün bu proseslər çəkindirici effektə malikdir və indiki ağır, məsuliyyətli geosiyasi şəraitdə riskə getmək yolverilməzdir. Əksinə, dialoqa üstünlük verilməli, tərəflər bir-birini dinləməyi bacarmalıdırlar. Çünki yalnız dialoq bu mürəkkəb vəziyyətdə xilasedici rol oynaya bilər".
Əli Hüseynov
Bakı 


