Asılılıq əmsalı 2024-cü ilin əvvəlinə 54,2%, 2024-cü ilin sonuna isə 51,7% səviyyəsində olub. 2024-cü ilin əvvəli və sonu üzrə göstəricilərdə müsbət meyl müşahidə olunsa da, bu göstəricilərin daha da yaxşılaşması üçün çevik hüquqi baza və mexanizmlərin yaradılması zəruridir.
Bakıvaxtı.az xəbər verir ki, bu Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Rəydə qeyd edilib ki, pensiya təminatı sisteminin dayanıqlığının qiymətləndirilməsndə əhəmiyyət kəsb edən bir digər indikator asılılıq əmsalıdır. Asılılıq əmsalı sosial sığorta təminatına malik olan şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi müəyyənləşdirilir. Sosial sığorta təminatına malik şəxslər dedikdə əsasən ölkə üzrə əmək pensiyaçıları nəzərdə tutulur. Asılılıq əmsalının müəyyənləşdirilməsində əsas məqsəd orta hesabla bir əmək pensiyaçısının pensiya təminatı prosesində neçə nəfər məşğul əhalinin, daha doğrusunu desək, neçə sığortaolunanın iştirak etdiyini müəyyənləşdirməkdir. Bu göstəricinin artım tempinə sahib olması fondun gələcək dövrdə sığorta ödənişlərinin maliyyələşdirilməsində digər mənbələrdən asılılığının artması riskini formalaşdırmış olur.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən məcburi dövlət sosial sığorta haqqı hesablanmış sığortaolunanların say göstəricisi 2024-cü ilin I rübü üzrə 2022,0 min nəfər, 2024-cü ilin son rübü üzrə isə 2124,5 min nəfər təşkil etmişdir. Fondun təqdim etdiyi məlumatlara əsasən 2024- cü ilin 01 yanvar vəziyyətinə ölkə üzrə əmək pensiyaçılarının sayı 1095,96 min nəfər, 2025-ci ilin 01 yanvar vəziyyətinə isə 1098,35 min nəfər olub.
Bakı 



