“Azərbaycanda fiskal gəlirlərin formalaşmasında karbohidrogen resursları mühüm rol oynayır. Bu səbəbdən neft və qazın qiyməti daim ictimai müzakirələrin diqqətində olur. 2026-cı ildə neft qiymətinə dair gözləntilərdə isə kifayət qədər fərqli mövqelər var”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov neft qiymətlərinin dövlət büdcəsinə təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların proqnozları da göstərir ki, bu sahədə ortaq yanaşma formalaşmayıb. Qlobal iqtisadiyyatın proqnozlaşdırılmasında qeyri-müəyyənlik hökm sürür, enerji bazarlarında qiymətlərin necə dəyişəcəyi də aydın deyil. Bu qeyri-sabitlik 2026-cı il üçün dövlət büdcəsinin icrasına müəyyən çağırışlar yaradır:
“Neft qiymətinin büdcəyə təsirini iki mərhələdə qiymətləndirmək daha düzgün yanaşmadır: qısa müddətli və orta-uzunmüddətli təsirlər. Qısa müddətdə neft qiymətinin dəyişməsi 2026-cı il büdcə gəlirlərinə ciddi təsir göstərməyəcək. Çünki büdcə daha konservativ prinsiplərlə hazırlanır və dövlət qurumları icra zamanı ehtiyatlı mövqe sərgiləyir. Bu da çox vaxt büdcə icrasında profisit və ya daha yüksək icra göstəriciləri ilə nəticələnir”.
Ekspert qeyd edir ki, neft gəlirlərinin formalaşmasına baxdıqda, onların təxminən 70%-i edilən transferlər, 30%-i isə neft sektorundan toplanan vergilər hesabına yaranır. Transfer hissəsində risk yoxdur, çünki Neft Fondunun kifayət qədər ehtiyatı var və hətta əlavə gəlir olmasa belə, 2026-cı il üçün öhdəlikləri yerinə yetirmək mümkündür. Risk yalnız vergi daxilolmalarında yarana bilər, lakin bunun da büdcəyə təsiri böyük sayılmır. Lakin digər istiqamətlər üzrə yüksək icra bu fərqi kompensasiya edə bilər.

Rəşad Həsənov: Qısa müddətdə neft qiymətinin dəyişməsi 2026-cı il büdcə gəlirlərinə ciddi təsir göstərməyəcək
Müsahibimizin dediyinə görə, orta-uzunmüddətli dövrdə vəziyyət daha fərqlidir. Onun fikrincə, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Neft Fondundan transferləri azaltmaq siyasətinə keçə bilər:
“Orta müddətli büdcə çərçivəsində də görünür ki, növbəti illərdə neft gəlirlərinin azalması gözlənilir. Məsələn, 2026-cı ildə büdcəyə 18,1 milyard manat neft gəliri proqnozlaşdırılırsa, 2029-cu ildə bu rəqəm təxminən 13 milyard manata düşəcək. Transferlərin həcmi də azalacaq”.
R.Həsənov bildirib ki, əgər neft qiyməti daha kəskin ucuzlaşarsa, transferlər daha çox azaldıla bilər. Bu halda büdcənin həcmini qorumaq üçün hökumət qeyri-neft sektoru hesabına yeni gəlir mənbələri formalaşdırmağa çalışacaq. Bu isə əlavə vergilər və müxtəlif ödənişlərin artması ilə müşahidə oluna bilər.
“Ümumilikdə, bu, 2026-cı ilin büdcə icrasında ciddi risk gözlənilmir. Mövcud risklər isə gəlirlərin daha yaxşı toplanması, vergi bazasının genişləndirilməsi və iqtisadiyyatın leqallaşdırılması ilə kompensasiya oluna bilər”, - deyə Rəçad Həsənov qeyd edib.
Zeynəb Rzayeva
Bakı 



