“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin təsis etdiyi “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması və CASCFEN-in türk dünyasına yönəlik fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsinin təqdimat mərasimi keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, CASCFEN sədri Nadir Azəri ödülü təşkil etmək məqsədlərindən danışıb. Ramiz Əskərin yaradıcılığına toxunan N.Azəri onun adının təkcə ölkəmizdə deyil, bütün türk yurdlarında elmə məlum olduğunu qeyd edib:
“Ramiz Əskər bütün fəaliyyətini Türk dünyasının birliyinə həsr edib”.
Mətbuat Şurasının sədri Rəşad Məcidin sözlərinə görə, belə tədbirlər türk birliyinə, bu yolda əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa və araşdırmağa imkan verir.
Milli Məclisin deputatı Vüqar İskəndərov türk dünyasında birliyin əhəmiyyətinə diqqət çəkərək bu istiqamətdə fəaliyyət göstərən hər kəsə təşəkkür edib. O, başda Ramiz Əskər olmaqla Türk dünyasının həmrəyliyi istiqamətində çalışan hər kəsi təqdir edib, hazırda fəaliyyət göstərən araşdırmaçılara uğurlar diləyib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Ramiz Əskərlə bağlı xatirələrini bölüşüb. Gənc yaşlarından Ramiz Əskərlə qarşılaşdığını, onun təcrübələrindən istifadə edərək öz bilgi və təcrübələrini artırdığını xatırlayan A.Həsrət, mərhumun Türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb.
Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər qardaşının fəaliyyətinə qısa nəzər salaraq qonaqları məlumatlandırıb.
Daha sonra mükafatlar sahiblərinə təqdim olunub.