Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən və ikisi körpə olmaqla 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbləri məlum olub.
Bakıvaxtı.az bildirir ki, report-un əldə etdiyi xəbərə görə, yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.
FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar və yanğın söndürülüb. Yanğının kəşfiyyatı zamanı məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsus olub. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri- 2020-ci il təvəllüdlü Osmanbəy İmansoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb.
Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
***
09:00
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla bağlı Nazirliyin müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evində baş verən yanğında ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb (apa).
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.