34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi elan olundu. Lakin müstəqil olmaq qədər bu müstəqilliyi qoruyub saxlamaq da böyük əzmkarlıq və qətiyyət tələb edirdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Ermənistanın silahlı təcavüzü və torpaqlarımızın işğalı ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Eyni zamanda, daxili çəkişmələrə başı qarışmış, səriştəsiz müxalifət hakimiyyəti ölkəni bu təhlükələrdən qorumaq gücündə deyildi.
“Məhz belə bir çətin dövrdə xalqımız öz müdrik liderinə – Heydər Əliyevə üz tutdu. 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsinə çevrildi. Onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxladı, təhlükələri dəf etdi, insanlara gələcəyə inam hissini qaytardı və müstəqillik ideyasını reallığa çevirdi”, – deyə Sahibə Qafarova vurğulayıb.
Spiker qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Heydər Əliyev ideyalarının bu gün də yaşadığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini göstərir.
Onun sözlərinə görə, məhz bu siyasi kursun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında tarixi qələbələr qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib:
“Bütün bu nailiyyətlər sübut edir ki, bu gün Azərbaycan regional və qlobal gündəmin formalaşmasında mühüm rol oynayan, güclü və söz sahibi bir dövlətdir”.
Mina Mikayılova