Rusiyanın Primorsk diyarı prokurorluğu yetkinlik yaşına çatmayanların alverində şübhəli bilinən səkkiz tibb işçisinə qarşı ittihamları təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə prokurorluğun telegram kanalında məlumat verilib.
Qeyd olunub ki, Primorsk diyarının prokuroru özəl klinikanın 8 tibb işçisinə qarşı ittiham aktını təsdiqləyib: “Onlar Rusiya Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi (yetkinlik yaşına çatmayanların qanunsuz olaraq xaricə çıxarılması ilə alveri) ilə ittiham olunurlar”.
Müstəntiqlərin fikrincə, 2018-ci ildən 2020-ci ilə qədər bir qrup həkim qeyri-qanuni olaraq alıcıların və genetik valideynlərin sonsuzluğu ilə bağlı bilərəkdən yalan məlumatlar olan tibbi sənədlər verib.
Şübhəlilər 13 yeni doğulmuş uşağı satmaq üçün əməliyyatlar həyata keçirib, nəticədə 53 milyon rubldan (687 min ABŞ dolları - Qeyd) çox vəsait əldə ediblər. Cinayəti törətmək üçün həkimlər sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə ediblər. Embrionları yetişdirib uşaq dünyaya gətirdikdən sonra xaricə satıblar.
Cinayət işi Vladivostokun Frunzenski Rayon Məhkəməsinə göndəriləcək. Təqsirləndirilən şəxsləri 15 ilə qədər həbs gözləyir.