• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Sülh prosesi: "Konstitusiya maneəsi" həllini necə tapmalıdır?

SİYASƏT

11 Fevral 2026 | 15:37

Sülh prosesi: Konstitusiya maneəsi həllini necə tapmalıdır?

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ermənistandakı seçkilərdən əvvəl imzalanacağı ilə bağlı fərziyyələr mövcuddur.

Bu sözləri siyasi şərhçi Samir ƏsədliBakıvaxtı.az-a açıqlamasında deyib.

Müsahibimiz xatırladıb ki, ötən il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüblər:

“İki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. ABŞ məsələnin uzanmasını istəmir və sülh sazişinin 7 iyuna qədər imzalanmasında maraqlıdır. Lakin paraflanma sənədin rəsmi hüquqi qüvvəyə minməsi üçün kifayət deyil. Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələblərdən biri hələ də həllini tapmayıb”.

Həmsöhbətimiz bildirib ki, tələblərdən biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi və bu artıq yerinə yetirilib.

“Əsas həlledici maneə hələ də qalır. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları ilə bağlı olan maddələrin aradan qaldırılmasıdır. Bu dəyişiklik olmadan sülh sazişinin rəsmi olaraq qüvvəyə minməsi prinsipcə mümkün görünmür. Ermənistan üçün bu tələbin icrası siyasi baxımdan həssas məsələdir, çünki konstitusiya dəyişikliyi yalnız parlament qərarı ilə deyil, həm də cəmiyyətin dəstəyini tələb edir. Yəni referendum keçirilməlidir. Paşinyan hökumətinin seçkilər ərəfəsində bu addımı atması həm qanunvericilik, həm də müxalifətin reaksiyası baxımından mümkün görünmür”,- S.Əsədli deyib.

Samir Əsədli: Paşinyan hökumətinin seçkilər ərəfəsində bu addımı atması həm qanunvericilik, həm də müxalifətin reaksiyası baxımından mümkün görünmür

Analitik hesab edir ki, iyuna, yəni Ermənistanda seçkilərə qədər sülh sazişinin imzalanması ehtimalı aşağıdır, amma bu “yox” demək deyil:

“Ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin imzalanması bir tərəfdən Ermənistan hakimiyyətində arxayınlıq yaradar, digər tərəfdən isə beynəlxalq səviyyədə dəstək qazandırmış olar. Lakin bu Azərbaycanın maraqlarına cavab verməz. Belə bir imza yalnız formal xarakter daşıyar, hüquqi öhdəlik yaratmaz və Azərbaycanın ərazi bütövlüyünü faktiki təsdiqləməz”.

S.Əsədli vurğulayıb ki, məqsəd həm məzmun, həm də hüquqi qüvvə baxımından yekun və təhlükəsiz sülh sazişi əldə etməkdir:

“Tərəflər yekun sülhə imza atdıqdan sonra artıq indidən başlamış ikitərəfli ticarət əlaqələri və regional iqtisadi əməkdaşlıq daha da genişlənəcək. Bu, bölgə dövlətləri, xüsusən Ermənistan üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. İlin əvvəlindən regional nəqliyyat layihələri və sərhəd məsələləri danışıqların əsas mövzularını təşkil edir. Son günlərdə Ermənistanın daxili qanunvericilik bazasında gözlənilən dəyişikliklər isə nikbinlik yaradıb.

Aydın Baxış


SON XƏBƏRLƏR