• Bakı 30° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Sülh xəritəsi sərhəddə çəkilir - Elmar Məmmədyarovla MÜSAHİBƏ

MÜSAHİBƏ

11 Iyul 2025 | 10:11

Sülh xəritəsi sərhəddə çəkilir - Elmar Məmmədyarovla MÜSAHİBƏ

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq Cənubi Qafqazda sabitliyə və davamlı sülhə doğru irəliləməyə imkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl diplomatik fəaliyyət Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Əbu-Dabidə keçirilən Əliyev-Paşinyan görüşü isə postmünaqişə dövrünün ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirilir. Bu görüşdə sülh sazişi, delimitasiya prosesi, Ermənistanın konstitusiyasında əksini tapan mübahisəli müddəalar və hətta artıq funksionallığını itirmiş ATƏT-in Minsk Qrupunun rolu da daxil olmaqla, bir çox vacib məsələlər müzakirə edilib.

Məsələyə daha dərin baxış əldə etmək üçün Bakıvaxtı.az Azərbaycanın sabiq xarici işlər naziri, təcrübəli diplomat Elmar Məmmədyarovla söhbətləşib. O, həm nazir kimi keçmiş təcrübəsini, həm də bu gün baş verənlərin diplomatik, siyasi və beynəlxalq kontekstini geniş şəkildə bizimlə bölüşüb.

- Elmar müəllim, İlham Əliyevlə Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşü necə qiymətləndirirsiniz?

- Əbu-Dabi görüşü çox vacib və strateji əhəmiyyətli hadisədir. Bu görüş təkcə iki liderin təmasları kimi yox, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşdırılmasına doğru bir addım kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi uzun müddətdir ki, sülh gündəliyini irəli sürür və bu gündəlik təkcə Ermənistanla münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyini hədəfləyir. Görüş zamanı müzakirə olunan məsələlərin geniş spektri - sərhədlərin delimitasiyası, sülh sazişi, Ermənistan konstitusiyasındakı ziddiyyətli müddəalar və hətta Minsk Qrupunun rolu - sübut edir ki, bu, yalnız cari situasiyanın deyil, gələcək onilliklərin də əsaslarını qoyan bir formatdır. Cənab Prezidentin görüşə verdiyi əhəmiyyət və sərgilədiyi prinsipial mövqe Azərbaycanın nə qədər sistemli və uzaqgörən siyasət apardığını bir daha göstərdi.

- Sülh sazişi ilə bağlı aparılan müzakirələri necə qiymətləndirirsiniz? Həqiqətən, bu sənəd yaxın zamanda imzalana bilərmi?

- Sülh sazişinin imzalanması məsələsi bir müddətdir ki, gündəmin əsas mövzularından biridir və indi artıq real mərhələyə daxil olunduğumuzu demək olar. Bu sazişin imzalanması hər iki tərəfdən ciddi siyasi iradə və məsuliyyət tələb edir. Danışıqlarda bu sənədin hansı şərtlərlə, harada və hansı müddəalarla imzalanacağı müzakirə olunur. Mən hesab edirəm ki, bu sənədin sərhəddə - yəni Azərbaycan-Ermənistan dövlət sərhədində imzalanması xüsusi simvolik və siyasi əhəmiyyət daşıyar. Bu, həm barış mesajı olar, həm də regionda yeni bir mərhələnin başlanğıc nöqtəsi kimi qəbul edilə bilər. Ancaq bu sənəd yalnız görüntü üçün yox, real nəticələr doğurmalıdır. Yəni Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanımalı, təxribatlara son qoymalı və gələcəyə yönəlmiş əməkdaşlıq formatlarına açıq olmalıdır.

- Görüşdə Ermənistan konstitusiyası ilə bağlı da müzakirələr aparılıb. Bu məsələyə necə yanaşırsınız?

- Ermənistan konstitusiyası əslində sülh prosesinin önündə duran əsas hüquqi maneələrdən biridir. Orada açıq-aşkar şəkildə Azərbaycanın ərazilərinə qarşı iddialar yer alır, bu isə beynəlxalq hüquq baxımından tamamilə qəbuledilməzdir. Hər hansı bir ölkə ilə sülh sazişi imzalamaq üçün öncə o ölkənin konstitusiyası həmin sülhə hüquqi əsas yaratmalıdır. Ermənistan tərəfi ziddiyyətli müddəaları aradan qaldırmalıdır. Onların bu məsələni gündəmə gətirməkdən qaçması həm danışıqlara, həm də regionun gələcəyinə ciddi zərbə vurur. Bu səbəbdən, konstitusiya məsələsi danışıqlarda çox prinsipial məsələ kimi ön plana çıxıb və Azərbaycanın bu məsələdə geri çəkilməsi mümkün deyil.

- Sizin nazir olduğunuz dövrdə vəziyyət necə idi? İndiki dövrdən fərqli olaraq hansı çətinliklər var idi?

- Mənim fəaliyyət dövrümdə vəziyyət tamamilə fərqli idi. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var idi, torpaqlarımızın 20 faizi işğal altında idi və beynəlxalq ictimaiyyət bu vəziyyətə daha çox “status-kvo” prizmasından yanaşırdı. Bizim əsas məqsədimiz Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və beynəlxalq hüquq çərçivəsində Qarabağın azad edilməsinə nail olmaq idi. Danışıqların əsas xətti də bu istiqamətdə qurulmuşdu.

Bu gün isə vəziyyət tam dəyişib - artıq Azərbaycan öz ərazilərini hərbi-siyasi yolla azad edib, yeni imkanlar və çağırışlar qarşısındayıq. İndi əsas məsələ bu qələbəni siyasi və diplomatik baxımdan möhkəmləndirmək, sabit və davamlı sülhə nail olmaqdır.

- Azərbaycanın beynəlxalq nüfuzu son illərdə necə dəyişdi?

- Azərbaycanın beynəlxalq nüfuzu son 10-15 ildə ciddi şəkildə artıb. Biz bir vaxtlar yalnız ədalətin bərpasını istəyən, haqqını müdafiə etməyə çalışan ölkə idiksə, indi artıq ədaləti bərpa etmiş, regionun gələcəyini müəyyənləşdirən güc mərkəzinə çevrilmişik. Bu prosesdə Prezident İlham Əliyevin apardığı çoxşaxəli və prinsipial xarici siyasət mühüm rol oynayıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi və bu müddət ərzində təşkilatın nüfuzunu artırması, enerji təhlükəsizliyi sahəsində oynadığı qlobal rol ölkəmizin nüfuzunun sistemli şəkildə yüksəldiyini göstərir. Xüsusilə də müharibədən sonra formalaşan regional lider imici Azərbaycanın həm siyasi, həm də iqtisadi təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

- Gələcəklə bağlı hansı gözləntiləriniz və proqnozlarınız var?

- Gələcəyə nikbin baxıram, amma realist olmaq da vacibdir. Bu mərhələdə sülh sazişinin imzalanması təkcə Azərbaycanın deyil, bütün regionun marağındadır. Sülh, sabitlik, iqtisadi inkişaf, nəqliyyat əlaqələrinin açılması və Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir. Lakin bunun üçün Ermənistan tərəfi revanşist fikirlərdən və keçmişin kölgəsindən tamamilə çıxmalıdır. Sülh sənədi, əlbəttə ki, imzalanacaq, amma bunun nə qədər tez və hansı şərtlərlə baş verəcəyi qarşı tərəfin məsuliyyətli davranışından asılıdır. Azərbaycan üzərinə düşəni edib və etməyə davam edir. İndi əsas məsuliyyət Ermənistanın üzərindədir.

Əli Hüseynov


SON XƏBƏRLƏR