• Bakı 16° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Sülhə doğru addım, yoxsa diplomatik durğunluq? - Bakı ilə İrəvan arasında normallaşma prosesi

SİYASƏT

04 Aprel 2025 | 16:02

Sülhə doğru addım, yoxsa diplomatik durğunluq? - Bakı ilə İrəvan arasında normallaşma prosesi

Cənubi Qafqaz regionu uzun illərdir davam edən münaqişə və geosiyasi gərginliklərlə yadda qalıb.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi bölgədə yeni reallıqlar yaratdı və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi gündəmin əsas mövzularından birinə çevrildi. Müharibədən sonrakı dövrdə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlər üzərində danışıqlar aparılsa da, prosesin tam şəkildə irəlilədiyini demək hələ tezdir.

Bu yazıda Ermənistanla normallaşma prosesinin indiyə qədər gəldiyi mərhələlərə nəzər salacaq, qarşıda duran əsas maneələri və imkanları təhlil etməyə çalışacağıq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində müəyyən durğunluq müşahidə olunur:

"Bunun əsas səbəbi, Ermənistanın ənənəvi olaraq prosesləri uzatmağa meyilli davranışıdır. Təxminən bir ay öncə tərəflər sülh müqaviləsi üzrə mətnin razılaşdırılması ilə bağlı bəyanat versələr də və sənədin demək olar ki, hazır olduğunu bildirsələr də, onun imzalanması üçün Azərbaycanın irəli sürdüyü bəzi haqlı tələblər var".

Onun sözlərinə görə, bu tələblərin əsası Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Belə ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır və bu, sülh müqaviləsinin ruhuna ziddir. Digər mühüm tələb isə ATƏT-in Minsk qrupunun rəsmi olaraq buraxılması üçün tərəflərin birgə müraciət etməsidir. Prosesin ləngiməsi, məhz bu şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlıdır. Ermənistan isə bu məsələlərə aydın mövqe sərgiləmək əvəzinə, xarici havadarlarının vasitəsilə ictimai rəyə və beynəlxalq ictimaiyyətə təsir göstərərək Azərbaycanı yarımçıq və natamam bir sənədə razı salmağa çalışır. Lakin Azərbaycan tərəfi bu cəhdlərin fərqindədir və mövqeyində dəyişiklik etməyə hazır deyil:

"Azərbaycan prezidenti İlham Əliyev də bu məsələyə son olaraq Almaniya Prezidenti ilə görüşündə toxunaraq bir daha bəyan etdi ki, Bakı sülh müqaviləsini imzalamağa tam hazırdır. Lakin bunun üçün əlavə şərtlər irəli sürülməyəcək - yetər ki, Ermənistan Azərbaycanın haqlı tələblərinə əməl etsin və üzərinə düşən öhdəlikləri yerinə yetirsin".

Oqtay Qasımov: Bu tələblərin əsası Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir

Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev də bu məsələyə son olaraq Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Bakıda keçirilən görüş zamanı toxunaraq, rəsmi Bakının sülh müqaviləsini imzalamağa tam hazır olduğunu bir daha bəyan etdi. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan sülh prosesini uzatmaq niyyətində deyil və bölgədə davamlı sabitliyin təmin olunması üçün bu müqavilənin imzalanması zəruridir. Lakin bunun baş verməsi üçün hər iki tərəfin qarşılıqlı etimad və hüquqi öhdəliklərə sadiqlik nümayiş etdirməsi vacibdir:

"Azərbaycanın yanaşması aydındır: Bakı danışıqlar prosesinə əlavə şərtlər irəli sürmür, lakin eyni zamanda Ermənistanın da konkret və nəticəyə yönəlik addımlar atmasını gözləyir.

Xüsusilə, Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəaların aradan qaldırılması və ATƏT-in artıq funksiyasını itirmiş Minsk Qrupunun hüquqi olaraq buraxılması üçün birgə müraciətin edilməsi əsas tələblər kimi ortadadır. Bu tələblər beynəlxalq hüquq çərçivəsində Azərbaycanın haqlı mövqeyini əks etdirir və gələcəkdə hər hansı yeni ərazi iddialarının və ya mübahisəli yanaşmaların qarşısını almaq məqsədi daşıyır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Aprel 2025