“Bu gündən, yəni 21 yanvar tarixindən etibarən tətbiq olunan dəyişikliyə əməl etməyən sığortaçılara qarşı müəyyən cəza tədbirləri də nəzərdə tutulub”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib. 
O qeyd edib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının idarə heyəti tərəfindən "İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər"də edilmiş dəyişikliyin tətbiqinə artıq bu gündən start verildi: “Müvafiq dəyişiklik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün (avto-icbari sığorta) satışının onlayn vasitə ilə aparılması tələbindən ibarətdir. Bildirmək istəyirəm ki, bu dəyişikliyə qədər avto-icbari sığorta növünün satışı ilə bağlı lisenziyaya malik olan sığorta şirkətləri adı çəkilən sığorta növü üzrə satış kanallarını seçməkdə sərbəst idilər. Yəni bu sığorta şirkətləri müvafiq sığorta növünü ya birbaşa, ya da agentlər vasitəsilə sata bilirdilər. Məhz buna görə da haqqında danışdığımız sığorta növünün vətəndaşlar tərəfindən əldə olunmasında müəyyən çətinliklərin meydana gəldiyi müşahidə olunmağa başlamışdı”.
E.Mirsalayev bildirib ki, ölkəmizdə sığorta sektoruna nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı da müvafiq çətinliyin aradan qaldırılması və nəticədə sığorta xidmətlərinə əlçatanlıq səviyyəsinin yüksəldilməsi məqsədilə bu istiqamətdə növbəti addımı ataraq dəyişikliyin tətbiqinə qərar verdi: “Və müvafiq dəyişikliyə əsasən artıq bu gündən etibarən hər bir avtonəqliyyat vasitəsi sahibi olan vətəndaşlarımız avto-icbari sığorta növünü elektron qaydada və heç bir maneəsiz əldə edə biləcəklər.
Biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hesab edirik ki, müvafiq dəyişiklik sığorta xidmətinə əlçatanlığı təmin etməklə sığorta istehlakçılarında müştəri məmnuniyyətini formalaşdıracaq və vətəndaşlarla sığorta şirkətləri arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə yüksəlməsinə səbəb olacaq.
Onu da əlavə etmək istəyirəm ki, bu gündən, yəni 21 yanvar tarixindən etibarən tətbiq olunan dəyişikliyə əməl etməyən sığortaçılara qarşı müəyyən cəza tədbirləri də nəzərdə tutulub. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, avtonəqliyyat vasitəsi sahibləri müvafiq istiqamətdə çətinliklərlə qarşılaşsalar Mərkəzi Bankın 966 Qaynar xəttinə müraciət edə bilərlər”.
Ramid İbrahimov
















