• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"“Muğan Bank”ın rəhbərliyi müştərilərdən gələn pulu…” - Ekspertlə MÜSAHİBƏ

MÜSAHİBƏ

19 Oktyabr 2023 | 11:57

“Muğan Bank”ın rəhbərliyi müştərilərdən gələn pulu…” - Ekspertlə MÜSAHİBƏ

“Mərkəzi Bankın yeni rəhbəri problemli banklara görə, Elmar Rüstəmova qarşı tələblər irəli sürməlidir”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib.

AMB-nin məlumatına görə, buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır. 

Qeyd edək ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i isə Elmir Mehdiyevə məxsusdur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun bank sektorundakı problemlərlə bağlı Bakıvaxtı.az portalına müsahibəsini təqdim edirik.

- Əkrəm müəllim, Mərkəzi Bankın bu il “Günay Bank”ın ardınca “Muğan Bank”ın lisenziyasının ləğvi ilə bağlı qərarı müzakirələrə səbəb olub. Bank sektorunda nə baş verir? 

- Bu il bank nəzarətinin sərtləşdirilməsilə bağlı bank qanunvericiliyinə dəyişikliklər edildi. Bu, problemli bankların ləğv ediləcəyinin anonsu idi. Bank sistemində sağlamlaşdırılma aparılır. “Muğan Bank” heç vaxt normal bank olmayıb. Hələ “Günay Bank” bağlananda demişdim ki, gərək öncə “Muğan Bank” bağlanardı. Çünki “Muğan Bank”da vəziyyət çox pisdir. 

- Bu ilin oktyabr ayında  "Muğan Bank" ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olduğunu açıqlayıb.  Mərkəzi Bank açıqlamasında bildirib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, hardasa, 106 milyon manatluq vəsaitin taleyi sual altındadır. Əmanətçilərin və sahibkarların taleyi necə olacaq?

- Bəli, Əmanətlərin Sığortalanması Fondu açıqladı ki, “Muğan Bank”da olan əmanətlərin 99 faizi sığortalanıb. Sığortalanan əmamətlər geri qayıdacaq. 

Sahibkarların “Muğan Bank”da olan puluna gəldikdə isə bağlanmış bankların təcrübəsinə əsasən deyə bilərəm ki, sahibkarların pulu bir qayda olaraq qayatarılmır. 

Niyə? Bunun iki səbəbi var: Ya doğurdan bankda pul yoxdur - bankın sahibləri bankı elə idarə ediblər ki, heç nə qalmayıb, ya da bağlanan bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ləğv prosesini qeyri-şəffaf və qanunsuz aparır. Bankın olan-qalan əmlakının başına da daş salır. Bu səbəbdən sahibkarların bankda olan pulu qayıtmır. 

Muğan Bankda xeyli problem var.. Odur ki, sahibkarların pulun qayıtması ehtimalı yoxdur. Bu çox ciddi problemdir. 

Əmamətlərin Sığortalanması Fondu ilk növbədə əmanətçilərin pulunu qaytaracaq. “Muğan Bank”a qoyulmuş əmanətlərin 200 milyondan çoxu qorunan əmanətdir. Bəlkə də Fondun bu qədər pulu yoxdur. Yoxdursa, dövlət gərək Fonda vəsait ayırsın ki əmanətləri kompensasiya etsin və bankların olan-qalan əmlakından pulunu götürsün. 

- “Muğan Bank”ın bağlanma səbəbi ilə bağlı rəsmi məlumat var. Siz ekspert olaraq bu barədə nə düşünürsünüz?

- “Muğan Bank”da problemli kreditlər çox idi. Kimə necə gəldi kreditlər verilmişdi. Kreditlərin çoxu qayıtmayıb. Bu da bank sahiblərinin birbaşa günahıdır. Onlar xeyli bank zəmanəti veriblər. Zəmanət verilən kreditlər qayıtmayıb. Ona görə də bankın öhdəlikləri çoxdur. 

“Muğan Bank” düzgün idarə olunmayıb. Bank sahibləri faktiki olaraq müştərilərdən cəlb olunan pulları öz biznesləri üçün istifadə ediblər. Ona görə də bank gəlib bu günə düşüb. 

Mərkəzi Bankın rəhbərliyi çox çalışdı ki, “Muğan Bank”ın səhmdarları banka pul qoysunlar, öz öhdəliklərini yerinə yetirsinlər. Mərkəzi Bank başa düşəndə ki, səhmdarlar banka pul qoymurlar, yeyib dağıdıblar, məcbur oldu ki, bağlasın. 

- Bəs, Mərkəzi Bank bu günə kimi hara baxırdı? 

- Bəli, Mərkəzi Banka bu sual verilməlidir. Amma bu suala Mərkəzi Bankın keçmiş rəhbərliyi cavab verməlidir.  Bu qəbildən suallar çoxdur: “Bank Standart”da hara baxırdı? “Texniki Bank”da hara baxırdı? “Ata Bank”da hara baxırdı? 

Bankların qarşılaşdığı problemlər Elmar Rüstəmovdan qalan problemlərdir. Mərkəzi Bankın yeni rəhbərinin yerinə olsan keçmiş rəhbərliyə qarşı tələblər irəli sürərəm. Azərbaycanda bankların qarşılaşdığı problemlər Elmar Rüstəmovdan qalan “miras”dır - problemdir. 

- İdarəetməsinə problem olan və bağlanma riski olan banklar hələ də varmı? 

- 2023-ci ildir. “Muğan Bank” bağlanandan sonra hazırda Azərbaycanda 23 kommersiya bankı fəaliyyət göstərir. Simvolik rəqəmdir (gülür-red.) 23-cü ildə 23 bank qaldı.  Bankların əksəriyyətində idarəetmə vəziyyəti qənaətbəxş deyil. Amma bu o demək deyil, həmin banklar bağlanmalıdır. Çünki Mərkəzi Bank vəziyyətin yaxşılaşması üçün həmin banklar qarşısında tələblər qoyur. Amma “Muğan Bank”da olduğu qədər problemli bank hazırda yoxdur. Bağlanma ehtimalı olan hansı bank var? Ad çəkmək istəmirəm. Çünki “Günay Bank”da heç bir problem yoxuydu, amma həmin bankı bağladılar.  

“Günay Bank” yeganə ləğv edilən bank oldu ki, bütün öhdəliklərini qarşılaya biləcək. Hətta sahibkarların pulu da qaytarılacaq. “Günay Bank”ın bağlanmasının səbəbi qeyri-müəyyəndir. Yəni bu bankın bağlanması üçün ciddi problemlər yox idi. 

- Bankların bağlanmasından əmanətçilərdən çox bu banklarda pulları olan sahibkarlar əziyyət çəkirlər.  Onlara mesajınız varmı? 

- Bəli, sığortalanan əmanətlər qaytarılacaq. Burda problem olmayacaq. Sahibkarlara isə demək istəyirəm ki, ehtiyatlı olsunlar. Hansı banka pul qoyduqlarına diqqətlə baxsınlar. 

Məsələn, bu günlərdə 2023-cü ilin ilk 3 rübündə xalis mənfət əldə edən bankların renkinqi açıqlandı. Həmin hesabata görə, kiçik banklar böyük mənfət əldə edib. Bu rəqəmlər inandırıcı deyil, yəni bəzi banklar mənfət rəqəmlərini şişirdiblər. O qədər mənfət banka hardan gəldi? 
Odur ki, sahibkarları bankları araşdırdıqdan sonra ora vəsait qoymağa çağırıram. Bu zaman onların vəsaiti risk altında olmaz.

İsmayıl Alısoy


SON XƏBƏRLƏR

26 Iyul 2024