Tezliklə İranda “3+3” formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək. Görüşdə iştiraka Ermənistan da razılıq verib. Məlumat üçün bildirək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Ötən günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatının təşəbbüskarı Azərbaycandır və regional məsələlərin həlli üçün effektiv mexanizmdir. Ekspertlərə görə, indiyədək bu formatda görüşün olmaması Azərbaycanın İranla münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. İndi soyuqluq arxada qalıb və artıq görüşün keçirilməsinə heç nə mane olmur. Ermənistan da reallıqları yaxşı başa düşür.
Siyasi şərhçi Həsrət Rüstəmov Bakivaxti.az-a açıqlamasında bildirib ki, bölgə dövlətlərinin iştirak edəcəyi "3+3" formatının effektli olması gözlənilir.
Analitik diqqətə çatdırıb ki, "altılıq" format təklif olunanda bölgədəki vəziyyət indikindən xeyli dərəcədə fərqlənirdi:
"O zaman Qarabağ iqtisadi bölgəsinə, Xankəndi və ətrafına Azərbaycan əsgəri daxil ola bilməmişdi və bütün ölkə ərazisində suverenliyimizi təmin edə bilmirdik. İndi vəziyyət dəyişib və Azərbaycan Ermənistana artıq başqa sülh variantı təklif edir. Bildiyiniz kimi bu yaxınlarda Prezident Əliyev Ermənistana Tbilisidə vasitəçilərsiz, birbaşa görüşüb sülh müqaviləsi imzalamağı təklif etdi. Ermənistan baş naziri Nikol Paşinyan da Parisdə bu formatda danışıqlara hazır olduğunu bildirdi. Belə olan təqdirdə digər bütün formatlar arxivə göndərilmiş kimi görünür. Bu mənada İranın "3+3" formatı ilə bağlı reaksiyasını gecikmiş hesab edirəm. Düşünürəm ki, bölgə dövləti olsalar da, İran və Rusiyanın vasitəçilik səylərinə inanmaq sadəlöhvlükdür. Ona görə də ən doğru yanaşma məhz gələcəkdə də üç Qafqaz ölkəsinin problemlərini vasitəçisiz həll etməsidir. Gürcüstan platforması ən doğru formatdır".
Aydın Baxış















