İstedadlı şair, nasir, tərcüməçi, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və ilk başkanı, CASCFEN Məclisinin üzvü, “ALAŞ” Beynəlxalq ədəbi mükafatının laureatı Əkbər Qoşalının 50 yaşı tamam oldu.
Beynəlxalq Muğam Mərkəzində yubilyarın şərəfinə tədbir keçirildi və “Seçilmiş əsərləri”nin birinci cildi təqdim edildi. 50 il öncə Tovuzun Qoşa kəndində dünyaya göz açan,
Nəyim var-ömürdü,
Öz yaxam, öz əlim...
Hər sabah, hər sabah
Qiyamət günüdü-
deyən dostumuzun şeirlə, musiqi ilə, səmimi söhbətlərlə dolu yubiley mərasimi Əkbər Qoşalını təbrikə tələsən xarici qonaqların çoxluğu ilə də diqqət çəkdi. İrakdan, Qazaxıstandan, Qırğızıstandan, Tatarıstandan, Yakut ellərindən, Altaylardan, digər uzaq-yaxın diyarlardan gələnlər qucaq dolu salamlar və hədiyyələr çatdırdılar. Saatlarla davam edən mərasimindən reportaj yazmaq fikrində deyiləm, həmin axşam diqqətimi çəkən, yaddaşımda qalan məqamları qeyd etməyə çalışacam.
“Sevmək ayrı bir şey, iş görmək ayrı bir şey...”
Dopdolu Beynəlxalq Muğam Mərkəzindəki yubiley mərasimi Tovuzdan gələn aşıqların ifası, xeyir-duası ilə başladı. Onlar “Divani” havası üstündə Əkbər Qoşalının şeirlərindən oxudular.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva uzun illərdən bəri tanıdığı və son vaxtlar birgə çalışdığı Əkbər Qoşalının işgüzarlığından, səmərli fəaliyyətindən, müsbət keyfiyyətlərindən danışdı. Dedi ki, Əkbər bəy dövlətini, millətini sevən adamdı, o, həm də təkcə sevmir, bu dövlətin, millətin yolunda iş görür. Türk dünyası ilə Azərbaycanın ədəbi əlaqələrinin inkişafına bir aydın, şair, yazar kimi mühüm töhfələr verir.
Qənirə Paşayeva yubilyarı təbrik etmək üçün yaxın-uzaq ellərdən Bakıya gələn çoxsaylı qonaqları təqdim etmək missiyasını da öz üzərinə götürdü.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev gənc dostunu təbrik edərək ona ömrünün növbəti mərhələsində də uğurlar arzuladı. Görkəmli alim onu da xatırlatdı ki, Tovuz elinin yetirdiyi şairlər arasında Azərbaycan sərhədlərindən kənarda tanınmaq Məmməd İsmayıldan sonra məhz Əkbər Qoşalıya nəsib olub.
Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu yubilyar haqqında ürək sözlərini çatdırdı, təmsil etdiyi yaradıcılıq təşkilatının təbrik məktubunu təqdim elədi.
Sözlə musiqinin əl-ələ verdiyi məclisdə Əməkdar artist, xanəndə və pedaqoq Nuriyyə Hüseynova, müğənnilər Çilənay Hüseynova, Sərxan Bünyadzadə Fəraim Sadiqin Əkbər Qoşalının sözlərinə bəstələdiyi mahnıları ifa etdilər. Aktrisa Zemfira Əbdülsəməd yubilyarın şeirini səsləndirdi:
... Əzəl başdan bir sevdiyi olmalıdı insanın
Sevib yetə bilmədiyim gələn ömrümə qalsın.
Tərəddüd eyləmişəm.
İnsan oğlu, çiyinlərin iki şeyə yarayar:
Dərdli başa yastıq olar, bir də tabut daşıyar.
Təsadüf eyləmişəm.
Nə ki yaxşılıq etmişəm-unutmuşam, çox şükür,
Nə yaxşılıq görmüşəmsə-yaddaşımda görünür.
Tədarük eyləmişəm...
Əkbər Qoşalı əvvəlcə qazax oldu, sonra Ankarada yeni bir “övladı” dünyaya gəldi...
İstedadlı sənətkarların musiqili, sözlü ərməğanından biz tamaşaçılara da pay düşdü, hər çıxışdan sonra səslənən alqışlar bunu sübut elədi. Tədbirə təşrif buyuran xarici qonaqların hədiyyələri isə təbii ki, ancaq yubilyara çatdı. Həmin axşam Beynəlxalq Muğam Mərkəzində Əkbər Qoşalıya təqdim edilən medalların, mükafatların, bağışlanan milli geyimlərin sayı-hesabı olmadı.
“Hədiyyə yağışı”na Qazaxıstan prezidentinin müşaviri start verdi. Ölkəsinin başçısı Kasım-Jomart Tokayevin yubilyara ünvanladığı təbriki oxuyandan sonra ona qazax milli geyimi də hədiyyə etdi, dedi ki, Xəzər dənizi iki xalqı ayırmır, əksinə birləşdirir, elə Əkbər Qoşalı kimi. Sonra yubilyarın əynindəki milli geyimə işarə vuraraq əlavə elədi- Əkbər Qoşalı daha qazax oldu!
Amma öz 50 illik yubileyində Əkbər Qoşalı qırğız, türkmən milli geyimlərini də hədiyyə kimi qəbul etdi. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlarına görə” medalını da aldı. Bütün bunlar Əkbər bəyin həmin axşam aldığı təltiflərin və hədiyyələrin cüzi bir hissəsi idi.
Əziz dostunun şad gününə İraqdan təşrif buyuran Şəmsəttin Kuzəçi də əliboş gəlməmişdi. Şəmsəttin bəy dedi ki, şair-yazıçının hər bir kitabı onun övladıdır və Əkbər Qoşalını daha bir övladını- Ankarada yeni nəşr edilən kitabını ona hədiyyə etdi.
Dostumuzun saatlarla davam edən 50 illik yubiley mərasimi maraqlı anlarla yadda qaldı. Təbriklər, istəklər, xoş arzular bir-birinə qarışdı.
Ömür durmur axarında,
ölüm- bəlkə də yaxında.
Danışmağa söz qalıbsa,
şairə və şeirə şükür!
Şairi, şeiri və Əkbər Qoşalını verənə şükür!
Etibar Cəbrayıloğlu
Bakıvaxtı.az