• Bakı 29° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Mətbuatın 150 illiyinə doğru: Jurnalist təşkilatları yubileyə nə hazırlayır?

MEDİA

16 Iyul 2025 | 09:24

Mətbuatın 150 illiyinə doğru: Jurnalist təşkilatları yubileyə nə hazırlayır?

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

Bakıvaxtı.az xatırladır ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız, zaman keçdikcə xalqın maarifləndirilməsində, milli özünüdərkin formalaşmasında və ictimai rəyin ifadə olunmasında mühüm rol oynayıb.

Qeyd edək ki, bu il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda yubiley tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq tövsiyələr əks olunub.

Sənəddə Azərbaycan mətbuatının tarixinə qısa ekskurs edilib, “Əkinçi” qəzetindən başlanan maarifçilik missiyası, dövlətçilik düşüncəsinin formalaşmasındakı rolu və cəhalətə, xurafata qarşı mübarizəsi vurğulanıb.

Həmçinin, ümummilli lider Heydər Əliyevin milli mətbuatın inkişafı ilə bağlı gördüyü mühüm işlər də xatırlanıb.

Eyni zamanda, Vətən müharibəsi dövründə jurnalistlərimizin əzmkarlığı və fəaliyyəti yüksək qiymətləndirilib. Gələcəkdə də medianın müasir trendlər nəzərə alınmaqla, dövlətçilik ənənələrini qoruyaraq fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub.

Bəs mətbuatımızın 150 illiyi ilə bağlı hansı tədbirlər keçirilib və hansı tədbirlərin keçirilməsi planlaşdırılır?

Rəşad Məcid, Mətbuat Şurasının sədri

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, artıq sərəncamın icrası da başlanılıb və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir neçə tədbir həyata keçirilib.

MŞ sədri qeyd edib ki, bunlardan biri “Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans, digəri isə “Azərbaycan mətbuatının 150 illi: Tarixdən günümüzə” adlı sərgidir. Hər iki tədbir Heydər Əliyev Mərkəzində baş tutub və ölkənin aparıcı media nümayəndələri iştirak ediblər:

“Mən artıq ötən ildən müşahidə edirəm ki, mətbuatımızın 150 illiyi dövlət qurumlarının, ictimai təşkilatların, o cümlədən biznes strukturlarının da diqqət mərkəzindədir. Bu isə jurnalistlər üçün böyük bir qürur mənbəyidir”.

R.Məcid nəzərə çatdırıb ki, “Azərsun” şirkətinin 2025-ci il üçün hazırladığı təqvim də məhz bu əlamətdar hadisəyə - Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunub və təqvimdə Həsən bəy Zərdabidən başlamış klassik ustadlarımızın şəkilləri yer alıb.

Bundan başqa, o, "Azerconnect Group"un da mətbuatın 150 illiyinə həsr olunmuş xüsusi saat və döş nişanlarını hədiyyə kimi göndərdiyini vurğulayıb.

Mətbuat Şurasının sədri bildirib ki, qarşıda daha bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur:

“Çox güman ki, 22 iyulda peşəkar jurnalistlərin iştirakı ilə geniş tədbir keçiriləcək”.

Müsahibimizin sözlərinə görə, Sərəncama uyğun olaraq, Azərbaycan Mətbuat Şurası da bir neçə nəşrin işıq üzü görməsini planlaşdırır. Belə ki, Müsəllim Həsənovun 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illik yubileyinin keçirilməsi istiqamətində görülən işlər və həmin tədbirin niyə baş tutmaması barədə araşdırmalar əsasında kitabı çap ediləcək.

Eyni zamanda “Mətbuatnamə: 150 ilin xronikası” adlı yeni bir nəşr hazırlanır. Bu kitabda “Əkinçi”dən başlayaraq bu günədək fəaliyyət göstərən tanınmış qəzet və jurnallarının ilk səhifələri yer alacaq:

“Bütün bu təşəbbüslər və tədbirlər göstərir ki, mətbuatımızın 150 illik yubileyi həqiqi bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Mən də bu əlamətdar münasibətlə bütün peşəkar jurnalistləri ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

Elçin Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə Bakıvaxtı.az-a bildirilib ki, "Zərdabi" mükafatının təqdimatı olacaq.

"Nə vaxt və harada təqdim olunacağı isə hələ məlum deyil",- deyə Elçin Şıxlı diqqətə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR