ABŞ tərəfindən Pakistan vasitəsilə Tehrana göndərilən təklif hazırda İran rəhbərliyi tərəfindən nəzərdən keçirilir və hələlik Vaşinqtona rəsmi cavab verilməyib. Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai çıxış edib.
Bu açıqlama regionda davam edən gərginlik, İran ətrafında artan hərbi və siyasi təzyiqlər, eləcə də Yaxın Şərqdə yeni qarşıdurma riskləri fonunda xüsusi diqqət çəkir. Xüsusilə son aylarda ABŞ ilə İran arasında birbaşa təmasların demək olar ki, dayanması və əlaqələrin əsasən vasitəçilər üzərindən aparılması fonunda Pakistanın prosesdə aktiv rol alması yeni diplomatik dinamikanın formalaşdığını göstərir.
Əslində burada söhbət təkcə İran və ABŞ arasındakı münasibətlərdən getmir. Məsələ ondan ibarətdir ki, tərəflər arasında mümkün razılaşma Yaxın Şərqdə ümumi təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər. Hazırda region bir neçə paralel böhran yaşayır: İsrail-Livan xəttində gərginlik, Hörmüz boğazı ətrafında təhlükəsizlik riskləri, enerji bazarlarındakı qeyri-müəyyənlik və İranın nüvə proqramı ətrafında davam edən beynəlxalq təzyiqlər. Belə bir şəraitdə Tehranla Vaşinqton arasında hətta məhdud anlaşmanın əldə olunması belə regionda hərbi eskalasiya ehtimalını müəyyən qədər azalda bilər. Bu, eyni zamanda neft bazarlarına da təsir göstərə bilər, çünki İran məsələsi qlobal enerji təhlükəsizliyi ilə birbaşa bağlıdır.
Pakistanın vasitəçi kimi ön plana çıxması da təsadüfi görünmür. İslamabad son illərdə həm Qərblə münasibətləri tam itirməməyə, həm də region ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. İranla sərhəd qonşusu olan Pakistan üçün regionda genişmiqyaslı müharibə təhlükəsi birbaşa milli təhlükəsizlik məsələsidir. Buna görə də Pakistanın diplomatik platforma rolunu artırmağa çalışması həm öz maraqlarına, həm də regional sabitlik strategiyasına uyğundur. Digər tərəfdən, bu proses Çin faktorunu da dolayı şəkildə gündəmə gətirir. Çünki Pakistanın regional siyasəti artıq uzun müddətdir Pekinin strateji maraqları ilə paralel şəkildə inkişaf edir və Çin də Yaxın Şərqdə qarşıdurmadan daha çox idarə olunan sabitlik modelini dəstəkləyir.
Ancaq prosesin qarşısında ciddi maneələr də qalır. Vaşinqton İranın nüvə fəaliyyəti, raket proqramı və regiondakı silahlı qruplarla əlaqələri ilə bağlı sərt mövqeyini qoruyur. Tehran isə sanksiyaların yumşaldılması və təhlükəsizlik zəmanətləri olmadan geri addım atmağa isti yanaşmır. Bu səbəbdən yaxın müddətdə tammiqyaslı razılaşmadan çox, daha çox mərhələli və məhdud anlaşma ehtimalı daha real görünür. Buna baxmayaraq, tərəflərin tam qapalı qarşıdurma xəttindən yenidən diplomatik təmas mərhələsinə keçməsi belə region üçün mühüm siyasi siqnal hesab oluna bilər.
Ruslan Zəngəzur
Bakı 




