Son günlər sosial şəbəkədə təhsil müddəti ilə bağlı müzakirələr açılıb. Bəziləri hesab edir ki, şagirdlərin yüklənməsinin qarşısını aldığından, daha səmərəli və konkret təhsil proqramı qurulmasına imkan yaratdığından hazırkı təhsil müddətinin qənaətbəxs olduğunu deyir, bəziləri isə bu müddətin azaldılmasının tərəfdarı limi çıxış edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil müddəti sadəcə statistik rəqəm deyil, bu, ölkənin təhsil fəlsəfəsini, sosial-iqtisadi imkanlarını və hətta iqlim şəraitini əks etdirən bir göstəricidir. Hazırda Azərbaycanda tədris ili sentyabrın 15-dən iyunun 15-nə qədər davam edir və bu, beynəlxalq standartlarla müqayisədə orta səviyyədə hesab olunur.
Ekspertin fikrincə, burada diqqət yalnız ümumi tədris müddətinə deyil, real dərs günlərinin sayına, dərs yükünün həcminə və təlimin metodikasına yönəldilməlidir:
"UNESCO-nun tövsiyəsinə əsasən, bir tədris ilində ən azı 180 dərs günü olmalıdır. Azərbaycanda bu rəqəm təxminən 170-180 gün civarındadır. Yəni texniki baxımdan biz bu göstəriciyə çatırıq. Amma əsas məsələ bu günlərin necə keçirildiyi, tədrisin nə qədər effektiv olduğu və şagirdə nə verildiyidir".
K.Əsədovun sözlərinə görə, daha uzun tədris müddəti olan ölkələr – Yaponiya (11 ay), Cənubi Koreya (10-10.5 ay), Çin (10 ay) – yalnız bu rəqəmlərlə deyil, eyni zamanda sıx və planlı dərs proqramları, əlavə məşğələlər və məktəbdənkənar dəstək sistemi ilə seçilir.
"Bu ölkələrdə təhsilin keyfiyyəti PISA kimi beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələrlə özünü göstərir. Məsələn, Yaponiyada məktəblilər ildə orta hesabla 220 dərs günü ilə oxuyurlar. Həm ailə, həm də cəmiyyət bu prosesə fəal şəkildə qoşulur və təhsil yalnız məktəbdə bitmir".
"Azərbaycan üçün əsas məsələ təhsil müddətinin artırılıb-azaldılması deyil, bu 9 ayın necə dəyərləndirilməsidir. Onun sözlərinə görə, mövcud sistemdə kurikulumun yüklü olması, dərslərin əksər hallarda mühazirə formasında keçirilməsi və qiymətləndirmənin testlərə əsaslanması səbəbindən, hətta müddət artırılsa belə, keyfiyyətin yüksələcəyinə zəmanət yoxdur".
Kamran Əsədov: Əsas məsələ bu müddətdə şagirdə nə öyrədildiyi, necə öyrədildiyi oımalıdır
Əksinə, ekspert qeyd edir ki, bu hal şagirdlərdə zehni yorğunluq, motivasiya itkisi və dərslərə qarşı laqeydlik yaradır.
Müsahibimiz hesab edir ki, təhsil müddəti artırılacaqsa, bu, sadəcə dərs saatlarını çoxaltmaqla yox, fərqli və müasir yanaşmalarla baş verməlidir. Blok dərslər, layihə əsaslı öyrənmə, yay məktəbləri, məktəbdənkənar fəaliyyətlər bu prosesə töhfə verə bilər.
"Yay aylarında məktəblərin müəyyən dərəcədə fəaliyyətini davam etdirməsi, şagirdlər üçün istedad qrupları, idman və sənət dərnəkləri təşkil olunması həm davamlılığı təmin edər, həm də uşaqların bilik itkisini minimuma endirər".
Sonda isə Kamran Əsədov vurğulayır ki, təhsil müddəti təkbaşına təhsilin keyfiyyətini müəyyən etmir. Əsas məsələ bu müddətdə şagirdə nə öyrədildiyi, necə öyrədildiyi və onun bu prosesdə nə qədər maraqlı olduğudur. Əgər bu suallara dolğun cavab verilirsə, tədris ili 8, 9 və ya 10 ay da olsa, nəticə uğurlu olacaq. Yox əgər bu suallar cavabsız qalırsa, müddətin artırılması da, azaldılması da təhsildə real dönüş yaratmayacaq.
Nuriyyə Musayeva