Erkən yaşda ailə qurmaq problemi problem olaraq qalmaqdadır. Erkən yaşda ərə verilən qızlar qucaqlarında oyuncaq tutmalı olsalar da, uşaq tuturlar. Uşaqkən ana olmağın fəsadları isə çoxdur.

Mələk Qafarlı: Erkən yaşda ana olmaq körpə üçün də çox böyük risklər daşıyır
Məsələylə bağlı Bakıvaxtı.az-a danışan ginekoloq Mələk Qafarlının sözlərinə görə, ana ölümlərinin 15-20%-i erkən yaşda baş vermiş doğuşların nəticəsidir. Həkim qeyd edib ki, Ümümdünya Səhiyyə Təşkilatı 10-19 yaş aralığında baş verən hamiləlikləri erkən hamiləlik sayər.
“Təbiki, erkən yaşda ana olmaq həm qadın orqanizmi, həm də doğulacaq körpə üçün çox böyük risklər daşıyır. Qadın orqanizmi erkən yaş dövründə istər psixoloji, istərsə də fizioloji olaraq bu prosesə hazır deyil. Hələ sümük əzələ sistemi tam formalaşmayıb, digər orqanlar inkişafını davam etdirdiyi üçün hamiləliyə tam hazır hesab olunmur. Bu səbəbdən də hamiləlikdə risklərimiz var”.
Müsahibimiz bildirib ki, erkən doğum riski, yüksək arterial təzyiqin olması, hamiləlik zəhərlənməsi durumları, aşağı çəkili uşaqların doğulması, doğuş zamanı qan axma riskləri, qansızlıq ehtimalı və s. daha yüksəkdir. Həmçinin doğum kanalı da erkən yaşda doğuşa hazır olmur. Belə olan halda doğuşdan travma alma riski də çox yüksəkdir.
M.Qafarlı onu da qeyd edib ki, hər şeyin vaxtı olduğu kimi hamiləliyin də doğru zamanları var: "Eyni zamanda həm doğum travması ilə bağlı, həm erkən doğum səbəbindən belə körpələrdə gələcəkdə ciddi sağlamlıq problemləri müşahidə oluna bilər. Hamiləlik üçün ideal yaş dövrü 20-30-32 yaş aralığı hesab olunur. Çünki bu yaş dövründə orqanizm tam formalaşır, həm də psixoloji baxımdan hazır olur. Həm də yumurta keyfiyyəti yüksəkdir. Yaş artdıqca, xüsusilə də 35 yaşdan sonra keyfiyyətsiz yumurta yetişmə ehtimalı daha da artır. Bu səbəbdən genetik olaraq sağlam olmayan övladların dünyaya gəlmə riski artmaqdadır. Eyni zamanda da hamilə qalmaq şansı azalır".

Elmir Əkbər: Bəzi valideynlər cahil və nadanlıqlarına görə erkən yaşdan qızlarını bədbəxt edirlər
Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, erkən ana olmaqda birbaşa günahkar valideynləri və aidiyyəti üzrə qurumların bu məsələyə biganəliyində görür. "Bu, ən ağrılı və bərbad mövzulardan biridir. Bəzi valideynlər cahil və nadanlıqlarına görə erkən yaşdan qızlarını bədbəxt edirlər. Normal uşaq dünyaya gətirmək üçün gərək insanlar həm fizioloji, həm psixoloji yaşa çatsınlar, sonra evlənib ailə qursunlar”.
Onun sözlərinə görə, eyni zamanda aidiyyatı orqanlar, məsul şəxslər, bu cinayətə şərait yaradan bir nömrəli insanlardır. Bəzi ucqar kəndlərdə qızların hətta 13-15 yaşında ərə verildiyini deyən psixoloqa görə, yerlərdə aidiyyadtı qurumlar buna göz yumurlar: “Jurnalistlərin bu məsələyə qarışmasından sonra cəmiyyətin bundan xəbəri olur. Ancaq yenə də həmin məsul şəxslər, valideynlər cəzalandırılmır. Bax, problem bundadır”.
Müsahibimiz evlilik yaşının 18-dən yuxarı qaldırılmasını təklif edir. E.Əkbər hesab edir ki, bizim uşaqlar 18 yaşda evliliyə hazır deyillər.
Psixoloqun sözlərinə görə, xəstəliklərin əksəriyyəti erkən yaşda qurulan ailədə doğulan uşaqlarda qeydə alınır. "Hətta ən avam insana belə aydındır ki, hər şeyin öz dövrü, öz zamanı var. Bir qız hamilə qala bilirsə, bu o demək deyil ki, o, ana olmağa hazırdır. Qadın buna təbii və psixoloji baxımdan hazır olmalıdır. Onun əqli fiziologiyası hazır olmalıdır. Əks halda bir çox xəstəliklər olur. Bura xərçəngin müxtəlif növləri aiddir. Bura həmçinin psixoloji xəstəliklər, şizofreniya, autizm və müxtəlif digər xəstəliklər də aiddir”.
Xəyalə Rza
















