• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Gözlər Moldovada: Sülh sazişi imzalanacaq? Masada nələr var? - ŞƏRH

CƏMİYYƏT

01 Iyun 2023 | 10:18

Gözlər Moldovada: Sülh sazişi imzalanacaq? Masada nələr var? - ŞƏRH

Bu gün Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş gözlənilir. 

Qeyd edək ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi üçün son bir ayda intensiv görüşlər keçirilib. 

Mayın əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçirilməsi planlaşdırılan növbəti görüşdən əvvəl, mayın 14-də Brüsseldə liderlərin görüşü baş tutdu. Ermənistan və Azərbaycan liderləri Moskvada da görüşüblər.

“Bu gün Avropa Siyasi Birliyi”nin Moldovanın paytaxtı Kişineuda keçirilən Zirvə Toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşü qeyri-rəsmi görüşdür. Bundan öncə də Avropa İttifaqı sammitləri çərçivəsində Praqada və digər şəhərlərdə tərəflər arasında müzakirələr baş tutub”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib. 

O qeyd edib ki, tərəf nümayiş etdirən Fransanın görüşdə iştirakı ilə bağlı neqativ ab-hava var: “Məlum məsələdir ki, Azərbaycan tərəfi Makronun vasitəçilik etdiyi görüşlərdə iştirak etməkdən yayınır. Bunun Brüssel formatı çərçivəsində də Fransanın görüşlərə müdaxilə cəhdinin şahidi olduq. Azərbaycan prezidenti dekabrda keçirilməli olan görüşdən imtina etdi. Ona görə də bu cür çoxtərəfli görüşlərdə də Azərbaycan tərəfi Fransanın iştirakından yana deyil. Lakin Makrona paralel olaraq Almaniya baş konsleri Olaf Şoltsun da görüşdə iştirak etməsi hesab edirəm ki, Azərbaycanla razılaşdırılmış bir məsələdir. Bu günə qədər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmış və bu istiqamətdə birmənalı ritorika yürüdən Almaniyanın hökumət başçısının burada iştirak etməsi hesab edirəm ki, həmin proseslərə pozuculuq niyyəti ilə yanaşan Makronun siyasətini neytrallaşdırmaq məqsədi daşıyır. Bu baxımdan proseslərə Makronun ciddi şəkildə müdaxilə edə bilməyəcəyini düşünürəm”. 

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyan digər görüşlərlə müqayisədə bu görüşə daha çox önəm verir: “Bu birbaşa Makronun iştirakı ilə bağlıdır. İstənilən halda bu görüşü ənənəvi görüşlərin davamı kimi qiymətləndirmək olar. Ciddi praktiki irəliləyişlərin olmasını indiki halda, xüsusən sərhəd xəttinə ermənilərin qoşun hissələri yerləşdirdiyi və görüş öncəsi təxribatların davam etdiyi bir vaxtda sabahkı görüşdən ciddi bir praktiki nəticə gözləmək absurt olardı. Çünki Ermənistan buna hazır olmadığını hər gün sübut edir. 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bəyanat səsləndirib, bu çərçivədə müəyyən texniki məsələlər gündəmə gətirilsin və yaxud da bundan sonra keçiriləcək görüşlər üçün bir fundament formalaşdırılmış olsun. Ancaq birbaşa olaraq delmitasiya məsələsinin üzərinə gəlsək, çünki hazırda mövcud olan əsas problemlərdən biri odur. Məlum məsələdir ki bu barədə Moskva cinahında ciddi danışıqlar gedir. Praktiki olaraq da bu məsələnin həyata keçirilməsi delmitasiyanın aparılmalı olduğu, istinad edilməli olan xəritə Rusiyada mövcud olduğuna görə düşünürəm ki, sərhədlərin müəyyən olunması ilə bağlı məsələ Rusiyada həllini tapacaq. Avropada daha çox kommunikasiya əlaqələri ilə bağlı müzakirələr aparılır və burada Rusiya ilə toqquşan maraqlar mövcuddur. Çünki Avropa, Qərb, Avropa İttifaqı Zəngəzur dəhlizinin dəhliz formasında işləkliyinin tərəfdarı deyil. Əgər dəhliz açılarsa, dəhlizə nəzarət Rusiyanın qoşunları tərəfindən, Rusiya nümayəndələrinin monitorinqi əsasında açılacağı və icra olunacağı üçün Qərb bu formatda kommunikasiya əlaqələrinin açılmasından yana deyil. Ancaq istənilən halda bu və digər problemlərin həll olunması üçün sülh müqaviləsinin imzalanması labüddür. Yəni kommunikasiya əlaqələri açılırsa, mütləq şəkildə tərəflər arasında birinci sərhədlər açılmalıdır ki, sonra kommunikasiya əlaqələrinin işləkliyi təmin oluna bilsin. Sərhədlərin da açılması üçün müharibə etmiş iki tərəf mütləq sülh müqaviləsi imzalamalıdır. Sülh müqaviləsiz sərhədlərin açılması mümkün deyil. Bu baxımdan da hesab edirəm ki, Qərbin bu gün həm də öz maraqları çərçivəsində etməyə çalışdığı tərəfləri sülh müqaviləsi imzalamağa təhrik etməkdir, daha doğrusu buna şərait yaratmaqdır. Əlbəttə müəyyən problemlər var. Bakı həmin problemin qüvvədə olduğu şəraitdə sülh müqaviləsindən yana deyil. Qərbdə müəyyən qədər bu baxımdan maraqlar toqquşur. Çünki Qərb problemlərin hansı səviyyədə mövcud olmasından asılı olmayaraq tez-bazar sülhdən yanadır. Yəni sülh müqaviləsi imzalansın və Avropa İttifaqının özünün də marağında olan enerji layihələri bölgədə icra olunmuş olsun. Belə bir format, belə bir baxış bucağı movcuddur. O baxımdan da bu istiqamətdə müəyyən rəvac ola bilər, şərait yaratma təşəbbüsləri ola bilər. Ancaq istənilən halda Ermənistan tərəfinin konkret olaraq indiki vəziyyətdə sülhə hazır olmadığını düşünürəm və yaxın perspektivdə bu cür təxribatların qüvvədə olduğu halda sülh müqaviləsinin imzalanmayacağını düşünürəm. Bunun üçün ilk növbədə üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmalıdır”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

16 Aprel 2024