2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərinə başladı.
Bu prosesin tərkib hissəsi kimi inşa olunan Laçın Hava Limanı, təkcə nəqliyyat infrastrukturunun inkişafı baxımından deyil, həm də siyasi və strateji baxımdan mühüm hadisədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı Azərbaycanın mühəndis və idarəetmə qabiliyyətinin göstəricisi olmaqla yanaşı, regionda sülh, əməkdaşlıq və güc balansına dair önəmli mesajlar da ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı isə bu layihəyə verilən beynəlxalq önəmi və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha sübut etdi.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Laçın Hava Limanının istifadəyə verilməsi sadəcə bir infrastruktur layihəsinin başa çatması deyil. Bu mühüm hadisə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyinin və quruculuq gücünün simvoluna çevrilmişdir. Bu, yalnız regional deyil, beynəlxalq miqyasda verilmiş mühüm bir mesajdır: Azərbaycan sülhün, inkişafın və birliyin tərəfdarıdır.
Arzu Nağıyev: Laçın Hava Limanının açılışı Azərbaycanın yalnız keçmişə deyil, gələcəyə də iddialı baxışını əks etdirir
Deputatın sözlərinə görə, cəmi bir neçə il əvvəl müharibədən çıxmış və genişmiqyaslı bərpa işlərinə başlayan bir ölkənin bu qədər qısa müddətdə yüksək texnoloji tələblərə cavab verən hava limanı inşa etməsi ölkəmizin mühəndis-texniki potensialının və idarəetmə qabiliyyətinin bariz göstəricisidir. Bu nailiyyət təkcə daxili imkanlarla deyil, həm də beynəlxalq müttəfiqlərlə qurulan sıx əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə bilər:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun oradakı varlığı həm dostlara, həm də düşmənlərə ünvanlanan bir mesaj idi: Azərbaycan və Türkiyə istər xoş gündə, istərsə də dar gündə bir yerdədir. Laçın Hava Limanı həm hərbi, həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malikdir. Bir neçə dövlətlə sərhəddə yerləşməsi, bu limanı gələcəkdə regional təhlükəsizlik və müdafiə məqsədləri üçün də mühüm obyektə çevirə bilər. Eyni zamanda, geniş logistik imkanlara sahib olan bu hava limanı Azərbaycan daxilində sayca doqquzuncu aeroport olaraq ölkədaxili daşımaların təşkili, əhalinin rahat şəkildə hərəkəti və regionun turizm potensialının inkişafı üçün də vacib rol oynayacaq".
Milli Məclisin üzvü əlavə edib ki, gələcək planlara nəzər saldıqda isə Laçının yalnız nəqliyyat nöqtəsi deyil, eyni zamanda diplomatik və siyasi platformaya çevrilməkdə olduğunu görmək mümkündür. Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüşdə bir çox ciddi məsələlər müzakirə ediləcək:
"Bu görüş çərçivəsində Kəşmir, Qarabağ və Şimali Kipr kimi həssas geosiyasi məsələlərin müzakirəsi, eləcə də hərbi əməkdaşlıqla bağlı əhəmiyyətli qərarların qəbul olunması gözlənilir. Bu isə onu göstərir ki, Laçın Hava Limanı yalnız bir hava yolu qovşağı deyil, eyni zamanda yeni geosiyasi proseslərin mərkəzinə çevrilməkdədir. Bütün bunlar sübut edir ki, Laçın Hava Limanının açılışı Azərbaycanın yalnız keçmişə deyil, gələcəyə də iddialı baxışını əks etdirir. Bu, Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcıdır".
Əli Hüseynov