Bölgədəki gərginliklər və qarşılıqlı maraqların toqquşduğu mürəkkəb geopolitik şəraitdə dövlətlərin vətəndaşlarını və xarici ölkə vətəndaşlarını təhlükəsiz şəkildə qoruması təkcə humanitar məsuliyyət deyil, həm də strateji əhəmiyyət daşıyan bir addımdır. Belə əməliyyatlar dövlətin həm daxili təhlükəsizlik qabiliyyətini, həm də beynəlxalq arenada etibarlı və balanslaşdırılmış siyasət yürütmə bacarığını nümayiş etdirir.
Azərbaycan tərəfindən həyata keçirilən təxliyə əməliyyatları, eyni zamanda, ölkənin regional sabitlik və təhlükəsizlik məsələlərinə diqqətli yanaşdığını və münaqişələr qarşısında həm öz vətəndaşlarını, həm də əcnəbi vətəndaşları qorumağa hazır olduğunu göstərir.
Bu cür addımlar Bakıdan gələn mesajı açıq şəkildə ortaya qoyur: Azərbaycan yalnız mövqeyini qoruyan bir dövlət deyil, həm də humanitar və strateji baxımdan məsuliyyətli bir oyunçudur.
Bu addım Bakının regional təhlükəsizlik siyasətində hansı mesajı verir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sabiq deputat Abutalıb Səmədov deyib ki, Azərbaycan hökumətinin xarici ölkə vətəndaşlarını təhlükəsiz şəkildə təxliyə etməsi ilk növbədə onu göstərir ki, Azərbaycan münaqişənin heç bir tərəfini seçmədən humanitar və təhlükəsizlik təmin edən dövlət kimi öz müstəqil mövqeyini qoruyub saxlayır:
"Bu yanaşma ölkəmizin balanslaşdırılmış xarici siyasət kursu ilə tam uyğundur. Başqa ölkələrin vətəndaşlarının təxliyəsini təmin etməsi Azərbaycanın regional humanitar məsuliyyət daşıyan aktor kimi mühüm rol oynadığını nümayiş etdirir. Bu, eyni zamanda dövlətimizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunmasını daha da gücləndirir".

Abutalıb Səmədov:Azərbaycan həm də ümumi təhlükəsizlik təminatında fəal rol oynayan dövlətdir
Onun sözlərinə görə, belə əməliyyatlar Azərbaycanın təhlükəsiz transit və logistika platforması kimi çıxış etmək bacarığını göstərir ki, bu da xüsusilə Şərq–Qərb dəhlizinin hava və quru nəqliyyat marşrutları baxımından Bakının geosiyasi əhəmiyyətini artırır:
"Təxliyə əməliyyatları hökumətin böhran vəziyyətlərində operativ reaksiya vermək qabiliyyətinin bariz nümunəsidir. Digər ölkələrin vətəndaşlarına yardım göstərilməsi gələcək diplomatik münasibətlərdə əlavə etimad və siyasi kapital yaradır".
Müsahibimiz onu da bildirib ki, bütün bunlar Azərbaycanın yalnız öz təhlükəsizliyini düşünən deyil, həm də regional sabitlik, humanitar əməkdaşlıq və ümumi təhlükəsizlik təminatında fəal rol oynamaq istəyən dövlət olduğunu açıq şəkildə ortaya qoyur.
Əli Hüseynov
Bakı 




