Sentyabrın 15-də məktəblər açılır, şagirdlər yeni tədris ilinə başlayır. Hər bir şagird üçün sentyabr ayının ən maraqlı hissəsi məktəb alış-verişidir.
Belə ki, hər il sentyanr ayında valideynlər övladları üçün yeni məktəb forması və ləvazimatlar alırlar. Ancaq artıq qiymətlər əvvəlki kimi deyil. Bahalaşmaları da nəzərə alsaq, bir şagirdin məktəb hazırlığna nə qədər büdcə ayrılır? Bu büdcə orta Azərbaycan ailəsi üçün kifayətdirmi?
Bakıvaxtı.az bununla bağlı ekspertlər və jurnalistlər arasında da sorğu keçirib.
İqtisadçı-ekspert Natiq Cəfərli: "Azərbaycanda bütün sahələrdə olduğu kimi məktəb ləvazimatları, məktəb üçün lazım olan pal-paltarların hamısının qiymətində artım var. İki-üç məktəbli olan ailələr çox böyük xərclə qarşılaşırlar. Ölkədə 1 milyon 700 min rəsmi çalışanların orta maaşı 405 manat və daha aşağıdır. Minimum əmək haqqı 300 manatdır. Bu göstəricilər çox aşağı olduğundan, çoxuşaqlı ailələrdə məktəbə hazırlıq kifayət qədər ciddi vəsait tələb edir. Bir məktəblinin məktəb paltarlarını, çantasını, dəftərini, kitabını ən aşağı qiymətlərlə hesablasan, təqribən, 200-250 manat vəsait tələb olunur. Bir ailədə 3 məktəbli varsa, birdən birə 750-800 manat vəsaitə ehtiyac yaranır. Bu da kifayət qədər böyük yükdür”.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov: "Yaxşı bir çanta 25-30 manatdır. Dəftər, karandaş, pozan və s. bu kimi ləvazimatları aldıqda məbləğ olur 50 manat edir. Əlbəttə ki, 300 manat maaş alan insan üçün 50 manat böyük, 500 manat maaş alan biri üçün isə normal məbləğdir. Ona görə də, Azərbaycanda, xüsusilə də kənd və qəsəbələrdə şagirdlərin dəstəklənməsinə ehtiyac var. Bunun üçün xüsusi xeyriyyə cəmiyyətləri var, onlar şagirdlərə içi dolu məktəb çantaları hazırlayıb verirlər. Xalqımızı bu proseslərə dəstək olmağa çağırıram”.
Anews.az saytının baş redaktoru Gülnar Nazimqızı: “Övladımın məktəb hazırlığı üçün min manat pul ayırmışam, amma hələ xərcləməmişəm. Məktəbin nə istədiyini hələ dəqiq öyrənmədiyim üçün nəzərimdə tutduğum min manatın nə qədərini xərcləyəcəyimi bilmirəm. Ümumilikdə isə, qiymətlər çox yüksəkdir. Övladım bir il məktəbə qədər hazırlığa getdiyi üçün qiymətlərlə tanışam, bir az orta keyfiyyətli şeylər almaq üçün daha çox pul xərcləməli olursan”.
Voicepress.az saytının baş redaktoru Günel Musa: “150 manat nəzərdə tutmuşdum, 250 manata yaxın xərcim çıxdı. Hər şey çox bahadır. Ucuz şeylərin də keyfiyyəti olmur. Məsələn, ucuz ayaqqabı alırsan amma bir neçə aydan sonra qopur cırılır, məcbur ikinci dəfə ayaqqabı alamalı olursan. Məktəbli formasının 4 lü dəstin hamısını ala bilmədim. Ancaq ətək və polo köynəyi ala bildim 40 manat tutdu. bir uşağın məktəb xərci minimum 200-250 manat tutur. Nə qədər qıssan da, yenə gəlib çıxır o məbləğ. Hələ iş dəftərlərini ala bilməmişəm. Onların da hər biri 5 manatdır, 4 fənndən iş dəftəri tələb olunur”.
Medianews.az saytının baş redaktoru Xəyalə Rəis: “Sentyabr ayında məktəbə gedən valdeyinləri bir sual düşündürür uşaqların məktəb alış-verişi. Əvvəllər valideynlərimiz bizə nə alırdısa onu geyinir səssiz- səmirsiz məktəbə gedirdik. İndi uşaqların fikrini öyrənmədən, nələri sevib, nələri geyinib geyinməyəcəyini soruşmaq bizim üçün əsas prioritet olub. Belə ki, ötən il öz seçimimlə aldığım geyimləri demək olar ki, övladlarım geyinmədi və geyinmək istəmədi. Ona görə də bu mövsüm seçimi onlara buraxıb məktəb geyimlərinin qayda qanununa uyğun şəkildə seçim edib, formaları onlara həvalə edəcəm. İndiki uşaqlar bizdən çox bilir, hətta bizləri idarə etməyə belə çalışırlar.
O ki, qaldı uşaqların məktəb alış-verişi ilə bağlı qiymətlərə, onlara daha keyfiyyətli və tanınmış markalardan alış-veriş etməyi düşünürük. Çünki il ərzində uşaqlar o məktəb ləvazimatlardan istifadə edəcəklər. Bunun üçün dözümlü və uzunmüddətli olması əsas şərtdir. Bizim ailədə iki uşaq eyni sinifdə oxuduğu üçün hər ləvazimatdan ikisini alacağıq. Ona görə ümumi 500-600 manat civarında məktəb bazarlığı etməyi düşünürəm”.
Aytac Aslan
















