• Bakı 24° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zəfərin enerjisi - Əkbər Qoşalı yazır
YAZARLAR
25 Iyun 2025 | 09:42

Zəfərin enerjisi - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Prezident İlham Əliyev dünən Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı etdi. Bu çıxış təkcə bir stansiyanın açılış mərasimi ilə yekunlaşmırdı – o, bütöv bir strateji inkişaf fəlsəfəsini ehtiva edirdi.

Biz də, həmin çıxış əsasında, ümumölkə inkişafını, qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Gününü, bu il beşinci dəfə bayram edəcəyimiz 8 Noyabr – Zəfər Gününü, quzeyimizdə və güneyimizdəki bəlli təlatümlər fonunda Azərbaycanın sabitlik, əmin-amanlıq, tərəqqi modeli kimi yüksəlməsini bir yazıda birləşdirməyə çalışdıq.

Bəli, tarixə Zəfər yazan millət bu gün gələcəyin infrastrukturunu qurur. 2020-ci ilin 8 Noyabrında düşmən üzərində əldə etdiyimiz şanlı Qələbə necə ki, ölkənin hərb tarixində fövqəladə sıçrayış məqamı oldu, eləcə də bugünkü iqtisadi və texnoloji sıçrayışlara simvolik əsas yaratdı. Prezident İlham Əliyevin açılışını etdiyi “8 Noyabr” Elektrik Stansiyası təkcə enerji obyekti deyil – bu, əslində Azərbaycanın çağdaşlıq, güc, müstəqil dövlətçilik məfkurəsi, milli suverenlik və postmüharibə dönəminin inşası baxımından strateji cavabıdır.

Azərbaycan öz Zəfər tarixini sənayenin, energetikanın, texnologiyanın, ordu quruculuğunun və diplomatik təmkinin sintezində davam etdirir. Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” stansiyası 1880 meqavatlıq gücü ilə təkcə ölkənin energetika tarixində deyil, Güney Qafqazın enerji xəritəsində yeni səhifə açır. Bu, yalnız enerjinin yox, eyni zamanda milli iradənin texnoloji təcəssümüdür. Prezidentin dediyi kimi, cəmi iki il içində bu gücdə stansiyanın qurulması həm mütəxəssis potensialının, həm də beynəlxalq işbirliyinin təntənəsidir.

Silahlı Qüvvələr Günü – orduya dayanan sülh

Qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın hərbi-siyasi tarixində təkcə ordu quruculuğunun bayramı olmaqda qalmayıb, həm də müstəqil dövlətçiliyin ən gerçək dayağının xatırladılmasıdır. 30 illik işğala son qoyan şanlı ordu indi sülhü qoruyur. Və sülhün arxasında, sadəcə, humanist iradə deyil – güclü dövlət və texnoloji infrastruktur dayanır.

“8 Noyabr” Stansiyası da elə bu ruhun energetik davamıdır. 2018-ci ildən bəri bərpaolunan enerji layihələri, alternativ enerji mənbələrinin artırılması və səmərəli enerji istehsalı, həmçinin daxili qaz sərfiyyatının azaldılması sonucunda Azərbaycan bu gün həm ixracçı ölkə, həm də bölgəsəl enerji oyunçusudur. Bu, bir çox yeni müstəqil dövlətlərin hələ də çata bilmədiyi strateji mərhələdir.

Zəfərdən sabitliyə, sabitlikdən sabaha

Zəfər yolunun davamı sabitlikdir, sabitliksə gələcəyin təməlidir. 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Azərbaycan artıq bir müharibəni deyil, bir epoxanı arxada qoyur. Beş il içində ölkə həm postmüharibə quruculuğunu, həm də sülh gündəliyini paralel şəkildə irəlilədib. İşğaldan azad edilən torpaqlarda qurulan hər yeni obyekt, çəkilən hər yol, salınan hər elektrik xətti əslində bir tarix fəlsəfəsidir – təkcə qələbəni yox, onu davamlı edən sistemli dövlət idarəçiliyini təsdiqləyən sübutdur.

“8 Noyabr” Elektrik Stansiyasının adının seçimi də təsadüfi deyil. Prezident Əliyevin bu barədə fikri açıq və dərindir. Bəli: “Zəfər adı xalqımıza çox yaraşır... Bu qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır”... Bu, həm də bir siyasi və mənəvi tezisdir – güc təkcə hərbdə deyil, sabitlikdə və enerji kimi mülki resursların planlı təminindədir.

Sabitlik adası – təlatümlü bölgədə strateji model

Dünyanın coğrafiyası dəyişmir, amma təhlükə xəritəsi daim yenilənir. Azərbaycanın yerləşdiyi bölgə – Güney Qafqazın özü, Yaxın Doğuya yaxınlıq, Türküstanın (Orta Asiyanın) qapısı – bu gün geosiyasi baxımdan dünyanın ən həssas bölgələrindən biridir. Ukraynada müharibə, Yaxın Doğuda toqquşmalar, qonşu ölkələrdəki iç təlatümlər fonunda Azərbaycan “sabitlik adası”na çevrilib. Bu, təkcə istinad obyekti yox, həm də dəyərlərin və dövlət idarəçiliyinin gerçək göstəricisidir.

Energetika kimi strateji sahələrdə uğur, eyni zamanda milli təhlükəsizlik məsələdir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, energetika hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Azərbaycanın qaz və elektrik ixracı Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Hərbi qələbədən sonra diplomatik və iqtisadi uğurların ardıcıl gəlməsi təsadüfi deyil – bu, planlı inkişafın sonucudur.

Sabaha yaşıl körpü

Prezidentin qeyd etdiyi kimi, 2030-cu ilə qədər 6500 meqavat yaşıl enerji istehsalı planlaşdırılır. Sizcə, bu, təkcə ekoloji mövzudurmu? Əlbəttə, xeyr! - Bu, bir strateji yol xəritəsi olub, Azərbaycan sabitlik, Zəfər və enerji düsturunu yaşıl gələcəyə doğru yönəldir. Bu gün biz təkcə enerji stansiyası deyil, gələcəyin təhlükəsiz və davamlı dövlət modelini qururuq.

Beləliklə,
Azərbaycan Zəfərini yaşatmaq üçün hər gün qələbə ruhunda yaşamalı, hər sahədə qalib duruşunu qorumalıdır. - Enerjidə, iqtisadiyyatda, diplomatiyada, mədəniyyətdə, texnologiyada və ən əsası – xalqla dövlətin örnək birliyində! Necə deyərlər, Zəfərin enerjisi yalnız keçmişin təntənəsi deyil – o, sabaha işıq salan milli iradədir. “8 Noyabr” Stansiyası – Zəfər tarixini istiqrarlı gələcəyə çevirən enerji məzmununun maddiləşmiş formasıdır.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR