Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.
Söhbəti təqdim edirik.
- Son günlər Rusiya ilə Azərbaycan arasında gərginlik şiddətlənir. Bunun səbəbi müxtəlif amillərlə izah olunur. Sizcə, gərgiliyin real səbəbi nədir?
-Dünya səhnəsinə baxanda nə görürük? Böyük, qüdrətli dövlətlər özlərindən kiçik və zəif dövlətlərə qarşı beynəlxalq hüquqla uzlaşmayan sərt mövqelər nümayiş etdirirlər. Amerika-İsrail cütlüyü beynəlxalq hüququ çeynəyib, suveren dövlət olan İrana hücum edir, böhtan atır. Bundan başqa ABŞ beynəlxalq hüququ ayaqlar altına atıb, Fələstin xalqını məhv edir. 60 mindən yuxarı fələstinli öldürülüb, 220 mindən çox fələstinli itkin düşüb, 85 minini isə qovublar. Bütün bunlar dünya səhnəsində baş verir.
- Rusiya da öz növbəsində belə qətllər törədib...
-Tələsməyin, indi bizim sabiq sovet məkanına diqqət edək. Rusiya Federasiyası beynəlxalq hüququ vecinə almayaraq, Ukraynaya hücum edib, oranı bombalayıb, bu ölkəni nüvə silahı ilə hədələyir. Bundan əvvəl Ermənistan Rusiyanın dəstəyi ilə beynəlxalq hüququ saymayaraq Azərbaycanın suveren ərzilərini işğal etmişdi. Lakin Azərbaycan 2020-ci ildə öz qanuni hüquqlarını bərpa etdi, torpaqlarını işğaldan azad etdi. Bundan sonra Azərbaycan Türkiyə (Şuşa bəyannaməsi) və Rusiya ilə (Moskva sazişi) müttəfliqlik müqaviləsi bağladı.
2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum etdi. Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etdi. Ölkəmiz Ukraynaya humanitar yardım göstərdi. SOCAR onlara yanacaq verdi, Ukrayna yaralılarını Azərbaycanda müalicə etdik. Bu, Rusiyanın xoşuna gəlmədi, amma dözdü. Başa düşdü ki, biz Ukraynaya silah vermirik, sadəcə humanitar yardım göstəririk.
Daha sonra Rusiya prezidenti Vladimir Putin ötən il Azərbaycana səfərə gəldi. Ardınca bizim Qroznıya uçan təyyarəmizi vurdular. Düzdür, üzrxahlıq etdilər, amma üzrləri günahlarından betər oldu. Elə üzr istədilər ki, istəməsələr bundan yaxşı olardı. Sonra Azərbaycan sərt üzünü göstərdi, günahkarların cəzalandırılmasını və təzminat tələb etdi. Bunu etmədilər və əvəzində Azərbaycan prezidenti 9 may tədbirində iştirak etmədi. Bu, Putin üçün çox vacib idi. O, dünyaya tək olmadığını göstərmək istəyirdi. Putin dünyaya sübut etmək istəyirdi ki, görürsünüzmü məndən asılı olan dövlətlər var, Azərbaycan isə ondan asılı olmadığını bildirdi və Rusiyaya getmədi. Bundan sonra onlar Azərbaycanı sarsıtmağın yolları barədə düşünməyə başladılar.
- İddialar var ki, Zəngəzur dəhlizi məsələsində Rusiya “ofsayt"da qalır deyə, Azərbaycana təzyiqlər göstərməyə başlayıb. Sizcə, doğru versiyadırmı?
- Bu gərginlik dəhlizlə bağlı deyil. Zəngəzur dəhlizi həm Rusiya, həm də Azərbaycana faydalıdır. Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də biz maraqlıyıq. Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Rusiyanın ortaq maraqları mövcuddur. Biz də bu məsələdə Rusiyanın maraqlarına hörmətlə yanaşırıq. Zəngəzur dəhlizinin işləməsi barədə Ermənistandan bizə təkliflər var, amma biz o təkliflərə baxmırıq. Bildiririk ki, buna yalnız üçtərəfli komissiyada baxılacaq.
- Söhbət hansı təklifdən gedir?
- Ermənistan Rusiyanı işə qatmaq istəmir. Rəsmi İrəvan çalışır ki, üçtərəfli bəyanatda Rusiyanın təhlükəsizlik və sərhəd xidmətinin Zəngəzur dəhlizinə nəzarət etməsi barədə maddəni dəyişsin. Ona görə də bu məsələni Rusiyasız həll etməyə səy göstərir. Azərbaycan da deyir ki, üçtərəfli müqavilədə olduğu kimi, gəlin bu məsələni üçtərəfli qaydada həll edək. Dəhliz məsələsində Azərbaycan Rusiyanın mənafeyini nəzərə alır.
- Rusiya Ukrayna ilə döyüş şəraitindədir, belə bir vaxtda Azərbaycana qarşı cəbhə aça bilərmi?
-Düzgün qeyd etdiniz, Rusiyanın başı Ukrayna ilə savaşa qarışıb. Azərbaycanla yeni bir cəbhə açmağa imkanı yoxdur. Rusiya ordusu Ukrayna cəbhəsinə cəmləşib. Azərbaycana qarşı cəbhə aça bilməyəndə Rusiyada çörəkpulu qazanmağa gedən yetim azərbaycanlıları qətl etməyə başladılar. Çoxu da qanunu bilmir. Bununla Azərbaycana təzyiq göstərməyə başladılar. Düşünürdülər ki, Azərbaycan onların ayağına gedəcək, yalvaracaq, ancaq görünür, onlar bizim hakimiyyətin səciyyəsini anlamırlar. Bu mənada Yekaterinburqda FSB və OMUN-un heyvərəcəsinə dinc azərbaycanlılara hücum edib, öldürəndə Azərbaycan hakimiyyəti geri addım atmadı. Onlara öz üslublarında cavab verdi. Rusiyaya mesaj ötürdülər ki, biz də sizin kimi edə bilərik. Nəticədə ziddiyyət dərinləşdi. İndi Rusiya Araz Ağalarovu “vurmağa” başlayıb. Azərbaycanla Rusiya yol ayrıcında dayanıb. Rusiya edə biləcəyi təzyiqi edib, amma Azərbaycan geri çəkilmir.
- Başqa nə kimi təzyiqlər, təxribatlar edə bilərlər?
-Bir o qalıb ki, rus gəmisi gəlsin və Xəzər dənizindən Bakı şəhərinə 10 raket atsın. Təbii ki, Rusiyaya söz deyən olmayacaq. Amma onu da bilirlər ki, Azərbaycan da onları vura biləcək. Azərbaycanın da onları vurmağa imkanı var. Üstəlik, Azərbaycana qarşı təcavüz olsa, istisna edilmir ki, Türkiyə donanması Rusiyanın Qara dənizdəki donanmasını tam olaraq batıracaq. Hərbi gərginliyin artırılması həm Rusiya, həm Azərbaycan üçün təhlükəlidir. Belə məsəl var: Biri dəli olanda digəri ağıllı olar, amma bu məsələdə hər iki tərəf “dəli” olmağa hazır olduğunu göstərir, geri çəkilmək fikirləri yoxdur. Hələlik bu hərəkətlər aşağı səviyyədə edilir.
- Prezidetlərin bu olaylarla bağlı açıqlamaları, bəyanatları yoxdur...
-Hələ ki, Azərbaycan və Rusiya prezidentləri bu barədə danışmırlar. Aşağıda baş verən hansısa qanunsuzluqdan “yuxarı”ların məlumatı mütləq olur. Təbii ki, azərbaycanlıları Putinin icazəsi ilə döyüb-öldürürlər. Bunu hamı anlayır.
- Proseslərin sonu necə olacaq?
-Obyektiv olaraq qeyd edək ki, Azərbaycan və Rusiyanın maraqları tələb edir ki, bu iki dövlət arasında münasibətlər xoş olsun. Əməkdaşlıq, ticarət, gediş-gəliş olsun. İrəlidə böyük layihələr var. Rusiya üçün Hind okeanına çıxmaq vacibdir. Bu da Azərbaycan dəmir yolu vasitəsilə mümkündür. Yəni Azərbaycandan İrana keçəcək, oradan da lazım olan məkana çatacaq. İran da prosesə start verib, Rəşt-Astara dəmir yolunu bərpa edir. Leninqraddan qatarlar gəlib, keçir Azərbaycandan, sonra İran oradan da Hind okeanındakı İran limanlarına çıxa bilərlər. Bu, Rusiyaya xeyirdir. Rusiya İrana qaz satmaq istəyir. Bu da, Azərbaycan ərazisindən keçə bilər. Ən azı 10 milyard kub metr qaz Azərbaycan ərazisindən keçib İrana gedə bilər. Bu da Rusiya üçün faydalıdır, çünki şimal qonşumuz Avropa bazarını itirib, ildə 150 milyard kub metr qaz satırdı, indi “əlimyandı”dadır. Kim qaz almaq istəyirsə, yarı qiymətə satmağa hazırdır. İran da almaq istəyir. Əgər alverləri baş tutsa, əlavə qaz xətti də çəkə bilərlər. Məhz buna görə də Azərbaycandan asılıdırlar.
- Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb. Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir. Sizcə, bu mesajın “kod”larını açsaq, ABŞ nəyə nail olmaq istəyir?
- Bu məsələdən xəbərdaram. Gəlin, öncə Zəngəzur dəhlizinin mahiyyətinə diqqət çəkək. Bu dəhliz Şərq-Qərb quru xəttinin bir hissəsi ola bilər. Azərbaycan prezidenti İlham Əliyev artıq 2-3 ildir ki, böyük bir səylə Orta Asiya ölkələrinin liderləri ilə danışır. Çinə səfər edir. Türkiyə və Gürcüstanla müzakirələr aparır. İlham Əliyev istəyir ki, bir quru xətti çəkilsin. Buna Orta xətt- Transxəzər xətti deyirlər.
- Bu nə üçün lazımdır?
- Çinin dünya və Avropa ilə ticarətinin 80 faizi gəmilərlə, dəniz yolu ilə həyata keçir. Dünya ticarətinin ağası Amerikanın hərbi dəniz donanmasıdır. Amerika Çini yerində oturtmağa, onun güclənməyinə mane olmağa çalışır. Yəni “meydan sulayan” tərəf Amerikadır. Amerika iddia edir ki, Babəlməndab boğazını, Qırmızı dənizi, Aralıq dənizini, Suveyş kanalını gəmilərlə bağlayacaq ki, nəticədə Çin mallarını sata bilməyəcək, müflis olacaq. Çin də bunu eşidir, görür. Vaxtilə Çin mallarını Rusiya ərazisindən Avropaya göndərə bilirdi. Rusiya-Ukrayna ilə müharibəyə başladı və onun Avropa ilə bütün quru əlaqələri kəsildi. Ondan sonra Orta xətt gündəmə gəlib.
- Orta xəttin marşrutu necə müəyyən edilib?
- Deməli, mallar Çindən Qazaxıstana gəlir, Qazaxıstandan da keçir Xəzər dənizinə, Xəzər dənizindən gəmilərlə gəlir Ələtə, Bakıya. Oradan da iki dəmiryolu xətti var - biri gedir, Bakı-Tiflis-Qars, biri də Zəngəzur dəhlizi ola bilər. Çünki Çindən gələn malların həcmi çox böyük olur. İldə 80 milyon ton yük daşınır. Bizim Bakı-Tiflis-Qars maksimum 5 milyon ton daşıya bilər. Buna görə də Mərkəzi Asiya ölkələri, Azərbaycanın özü dəmir yolu şəbəkəsinin genişlənməsi və inkişafına böyük sərmayə qoyur. Bu mənada Çin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çin Amerikanın təsirindən asılı olmayan, müstəqil dövlətlərin ərazisindən keçən bir dəmir yolu ilə öz mallarını göndərmək istəyir. Zəngəzurun bərpası Ermənistana da tranzitdən pul qazandıra bilər. Eyni zamanda Ermənistan beynəlxalq əmək bölgüsündə iştirak edəcək və təcrid rejimindən çıxacaq. Belə bir məqamda ABŞ təklif edir ki, Zəngəzurun təhlükəsizliyi Amerikaya həvalə edilməlidir. Yəni bu xəttə kran qoymaq istəyirlər ki, istədikləri vaxt oranı bağlasınlar. Bu da nə Çin, nə Azərbaycan, nə Türkiyə, nə Ermənistan, nə Rusiya, nə də Gürüstana lazımdır. Bu ancaq Amerikaya lazımdır. Əminəm ki, biz Amerikaya “yox” deyəcəyik. Amerika çalışır ki, gələcəkdə böyük iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti olacaq bu yola nəzarət etsin. Amma bunu Çin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürüstan istəmir. Ermənistan da istəməməlidir. Hələlik Ermənistan zəifdir”.
Aydın Baxış