• Bakı 22° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

20 Yanvar, Xocalı və torpaq itkilərinin arxasında duran Rusiya gerçəyi
SİYASƏT
30 Iyun 2025 | 15:37

20 Yanvar, Xocalı və torpaq itkilərinin arxasında duran Rusiya gerçəyi

Azərbaycan xalqının son onilliklərdə yaşadığı ən böyük faciələr - 20 Yanvar qırğını, Xocalı soyqırımı və Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması - təkcə tariximizin qara səhifələri deyil, həm də bu faciələrin arxasında duran geosiyasi gücün - Rusiyanın imperialist maraqlarının bariz nəticəsidir.

1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı həyata keçirdiyi amansız qırğın, sadəcə sovet totalitarizminin son çırpıntısı deyildi. Bu, Moskvanın azadlıq istəyən bir xalqı cəzalandırmaq cəhdi idi. Azərbaycanın müstəqilliyə doğru irəliləyişini dayandırmaq üçün Rusiya tankları paytaxt küçələrinə çıxdı, qadın, uşaq, yaşlı demədən yüzlərlə insan qan içində qaldı. Bu, Azərbaycanın gələcəkdə Kremlin təsirindən çıxmasına qarşı yönəlmiş mesaj idi.

Xocalı soyqırımı isə Rusiyanın erməni separatizminə verdiyi açıq və gizli dəstəyin nəticəsi oldu. 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlılara qarşı törədilən vəhşilik - qadınların, uşaqların, qocaların işgəncə ilə öldürülməsi - erməni silahlı birləşmələrinin və Rusiyaya bağlı 366-cı motoatıcı alayın birgə cinayəti idi. Bu hadisə bir daha sübut etdi ki, Moskva təkcə siyasi deyil, həm də hərbi vasitələrlə Azərbaycan torpaqlarının işğalını təşviq edir.

Qarabağın və ətraf rayonların işğalı, 30 ilə yaxın bu torpaqların erməni nəzarətində qalması isə Kremlin strateji planlarının tərkib hissəsi oldu. Bu illər ərzində Rusiya formal olaraq vasitəçi rolunda çıxış etsə də, əslində status-kvonun qorunmasında maraqlı tərəf idi. Çünki Azərbaycan torpaqlarının işğalda qalması Rusiyaya Cənubi Qafqazda təsirini saxlamaq üçün təzyiq aləti verir, həm Ermənistanı özündən asılı vəziyyətdə saxlayır, həm də Azərbaycanın müstəqil siyasi kursuna qarşı əngəl yaradırdı.

Ərazi bütövlüyümüzün pozulması, xalqımıza qarşı törədilmiş vəhşiliklər, itirilmiş canlar və viran qoyulmuş yurdlar - bütün bunların arxasında Kremlin illərdir apardığı imperialist və ikili standartlara söykənən siyasət dayanır. Bu faciələr təkcə Ermənistanın deyil, onu dəstəkləyən, yönəldən və qoruyan Rusiyanın da məsuliyyətidir. Azərbaycanın milli yaddaşında bu gerçək unudulmayacaq: əgər bu torpaqlarda qan tökülübsə, onun izində rus siyasətinin kölgəsi var.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR