• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram”
CƏMİYYƏT
14 Iyul 2025 | 22:03

“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram”

Azərbaycanda ilk dəfə "darknet" üzərindən fəaliyyət göstərən kibercinayətkar dəstə ifşa olundu – Osman Gündüz DTX əməliyyatını şərh etdi

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi son kiberəməliyyatı ilə bağlı geniş açıqlama yayıb. O bildirib ki, bu, Azərbaycanda "darknet" üzərindən fəaliyyət göstərən kibercinayətkar qruplaşmanın ifşa olunduğu ilk haldır.

“30 ildir bu sektordayam, amma Azərbaycanda darknetdə reallaşan cinayətlərin açılması və ya orada ‘məskunlaşan’ kibercinayətkarların tutulması ilə bağlı fakt xatırlamıram”, – deyə O.Gündüz bildirib.

Onun sözlərinə görə, rəqəmsal dünyada oğurlanan məlumatların alqı-satqısı, şəxsi və maliyyə datalarının paylaşılması, saxta saytlar, zərərli tətbiqlər, “spoofing” zənglər və “phishing” texnikaları kimi metodlardan istifadə edən bu qruplaşma uzun müddət anonim fəaliyyət göstərib və hətta kritik hesab olunan qurumlara qarşı kiberhücumlar həyata keçirib.

Osman Gündüz hesab edir ki, bu səviyyədə texniki və texnoloji imkanlara malik bir cinayətkar qrupun aşkara çıxarılması təsadüf ola bilməz:
“Darknet-də təsadüflər olmur. Görünür ki, DTX son illərdə kritik sahələrin kibertəhlükəsizliyinə nəzarət funksiyası çərçivəsində əməliyyat potensialını ciddi şəkildə gücləndirib və artıq ‘görünməyən internet’də də izləmə və müdaxilə imkanlarına malikdir. Bu əməliyyatın uğurla icrası da bunu təsdiqləyir”.

Qurumun texniki resurs və insan kapitalı baxımından kifayət qədər hazırlıqlı olduğunu qeyd edən O.Gündüz beynəlxalq əməkdaşlıq ehtimalını da istisna etməyib.

Əməliyyat zamanı həbs edilən əsas fiqur – Nihad Hacıyev – barədə də fikir bildirən Osman Gündüz onun yüksək texniki-texnoloji biliklərə sahib olduğunu vurğulayıb:
“Onun fəaliyyəti qanunsuz olub, amma bu qədər kompleks bacarıqlar ölkənin kiber müdafiəsi üçün istifadə edilsəydi, daha faydalı olardı. Bəlkə də bu kimi gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri hazırlanmalıdır. Əks halda biz potensial ‘mühafizəçi’ni ‘kiberhücumçu’ kimi itirəcəyik”.

Osman Gündüz sonda qeyd edib ki, DTX-nin bu əməliyyatı ilə ölkədə “darknet” üzərindən aparılan qanunsuz məlumat dövriyyəsinin də nəzarətdə olduğu sübuta yetirildi. 


SON XƏBƏRLƏR

14 Iyul 2025