ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Dövlət Departamentinin rəhbəri Marko Rubio Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması planı üzərində işləməyə davam edirlər.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Onun sözlərinə görə, Uitkoff və Rubio ötən ay ərzində Ukrayna ilə Rusiya arasında yeni sülh sazişi üzərində işləyib və davamlı sülhün bərqərar olması yolunda tərəflərin mövqelərini öyrənmək üçün münaqişənin hər iki tərəfini müzakirələrə cəlb ediblər.
"ABŞ yeni sülh planının hazırlanmasında həm Rusiya, həm də Ukrayna ilə bərabər şəkildə əməkdaşlıq edib. Ukraynada müharibə - buna şübhə edənlər olsa da - nizamlanacaq", - deyə Livitt vurğulayıb.
O həmçinin ordu naziri Den Driskolun bu gün Ukrayna lideri Volodimir Zelenski ilə görüşün nəticələrinə əsasən nikbin olduğunu qeyd edib. Ağ Evin nümayəndəsinin sözlərinə görə, Vaşinqton hesab edir ki, plan hər iki tərəf üçün qəbul edilə bilən olmalıdır və bu məsələ ilə bağlı danışıqlar davam edir.
Bakı 











