Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Bakıda "Elm fəaliyyətdədir" şüarı altında beynəlxalq konfrans keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib:
“Bu sahədə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər”.
ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. Onun sözrinə görə, tezliklə Heyvan Elmləri üzrə bakalavr proqramı təqdim olunacaq.
Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində rolunu yüksək qiymətləndirib.
Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.
Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
***
09:34
Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda konfrans keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfrans çərçivəsində "Vahid Sağlamlıq" yanaşması ilə beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər bir araya gəliblər.
Tədbirdə qida təhlükəsizliyi sahəsində aktual mövzuların, elmi yanaşmalar və beynəlxalq təcrübələrin müzakirə olunması nəzərdə tutulur.
Xatırladaq ki, hər il iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Cari il Azərbaycanda iyunun 4-də qeyd olunan bu gün “Elm fəaliyyətdədir” ideyasına həsr edilib.