"Amazon" şirkətinin qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan milyarder Ceff Bezos ilə keçmiş televiziya aparıcısı Loren Sançesin Venesiyada baş tutan toyu İtaliya büdcəsinə təxminən 1,12 milyard dollar qazandıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Venesiya şəhərinin daxil olduğu Veneto bölgəsinin rəhbəri bildirib ki, 200-250 nəfərlik toy mərasimi ümumilikdə təxminən 47-56 milyon dollara başa gələcək. Bununla yanaşı, İtaliyanın Turizm Nazirliyi tədbirin iqtisadi təsirini 1,12 milyard dollar dəyərində qiymətləndirib. Bu məbləğin əsas hissəsi isə media vasitəsilə tədbirin işıqlandırılmasından əldə edilən gəlirləri əhatə edir.
Qalan məbləğ birbaşa və ya dolayısı ilə toy tədbirinə xərclənən vəsaitlərdən əldə olunacaq. Belə ki, təxminən 33,3 milyon dollar qonaqların otel otaqları üçün xərclənəcək, 20,6 milyon dollar isə nəqliyyat xərclərinə sərf olunacaq.
Bundan əvvəl İtaliyanın “La Repubblica” qəzeti xəbər vermişdi ki, əsasən ABŞ-dan olan məşhurlar artıq toy mərasiminə toplaşmağa başlayıb. Bəy və gəlinlə yanaşı onların bəzi qonaqları da Venesiyaya gəliblər. Onların arasında ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, İordaniya kraliçası Raniya, həmçinin televiziya aparıcısı Oprah Uinfrey də var. Nəhəng büdcəli ulduz toyu yerli əhalidə narazılıq yaradıb, lakin Venesiya hökumətinin nümayəndələri milyarderin şəhərə investisiya qoyduğunu bildirərək bu seçimi müdafiə edirlər.
Bildirək ki, Ceff Bezosun 61, Loren Sançesin isə 55 yaşı var./Axar.az