İranın Xaf şəhərindən Əfqanıstanın Herat şəhərinə ilk sərnişin qatarı fəaliyyətə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Salam Watandar” radiostansiyasına istinadən məlumat yayıb.
"İlk sərnişin qatarı 10 gündən sonra Xafdan Herata hərəkətə başlayacaq. Qatarın işə salınması vətəndaşların gediş-gəlişinin asanlaşdırılması və Əfqanıstanla İran arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımdır", - Herat əyalətinin qubernatorunun mətbuat katibi Məhəmməd Yusuf Səidi deyib.
Hazırda Əfqanıstanda sərnişin dəmir yolu əlaqəsi yoxdur, Məşhəd və Herat arasında çoxsaylı avtobuslar və marşrut taksiləri hərəkət edir.
İrandan Əfqanıstana dəmir yolunun tikintisinə 2007-ci ildə başlanılıb, bu yol Heratı Xorasan-Rəzəvi vilayətindəki Xaf şəhəri vasitəsilə İranın dəmir yolu şəbəkəsi ilə birləşdirir. Xəttin uzunluğu 225 km-dir ki, bunun da 147 km-i Əfqanıstan ərazisindən keçir. 2024-cü ilin mart ayında Əfqanıstan ilk dəfə olaraq bu yolla Aİ ölkələrinə və Türkiyəyə ümumi dəyəri 1,2 milyon dollar olan 200 ton püstə, kişmiş və badam ixrac edib.