“İsrail İranda öz məqsədlərinə çatmağa çox yaxındır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, bizi məhv etmək istəyən bir rejimdir və buna görə də mövcudluğumuz üçün iki xüsusi təhlükəni aradan qaldırmaq üçün bu əməliyyata başladıq: nüvə təhlükəsi və ballistik raket təhlükəsi.
Biz bu məqsədlərə çatmaq üçün addım-addım irəliləyirik, onlara nail olmağa çox yaxınıq”, - Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, o, “yaxın dostu Trampa ABŞ Hərbi Hava Qüvvələrinin gördüyü gözəl işlərə görə təşəkkür etmək və amerikalı pilotları təbrik etmək” istəyib.
“Onlar Fordoya böyük ziyan vurublar. Bu məsələni hələ də araşdırırıq. Amma istənilən halda bu obyektlərin təhlükə yaratmayacağına zəmanət veririk. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.
Netanyahu əlavə edib ki, İsrail eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərir və İrandakı əməliyyat da Qəzza zolağında məqsədə çatmağa töhfə verir.
“Həmas təslim olsa, silahlarını yerə qoysa və bütün girovları azad etsə, Qəzzada müharibə bu gün başa çata bilər, lakin onlar bundan imtina edirlər”, - deyə o qeyd edib.