23 iyun tarixində Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib.
Bu barədə Bakıvaxtı.az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, festival televiziya və media sahəsində yaradıcı ideyaların, beynəlxalq əməkdaşlığın və innovativ trendlərin müzakirə olunduğu mühüm platforma kimi qiymətləndirilir. 1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada keçirilən ilk televiziya festivalı olmaqla yanaşı, qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab olunur. Festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutmuşdur. Daha sonra qonaqlar Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olublar
Çin Xalq Respublikasına səfərdə olan Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və "AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev daxildir.