• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Məktəb təhsil verməlidir, yoxsa tərbiyə? - Ayyət Əhməd yazır
CƏMİYYƏT
26 Yanvar 2024 | 16:38

Məktəb təhsil verməlidir, yoxsa tərbiyə? - Ayyət Əhməd yazır

Ayyət Əhməd

Yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun bıçaqlanaraq, öldürülməsi təkcə o şagirdin ailəsi deyil, cəmiyyət üçün “soyuq duş” effekti yaratdı. Toplumu qəfil yaxalayan bu hadisə sanki insanları qəflət yuxusundan oyatdı.

Cəmiyyətdə, mediada, eləcə də sosial platformalarda başlanan qaynar müzakirələrin kül altında qalan “közü” hələ də sönməyib. Hər ağızdan bir avaz gəlir. Yekun qənaət belədir: günahkar məktəblər və müəllimlərdir.

Amma gəlin, məsələyə soyuq başla, dəmir məntiqlə yanaşaq. Məktəb və müəllimlərə “bıçaq yarası”ndan da ağır olan “söz yarası” travması yaşadıb, onların onsuz da öləziyən nüfuzunu yerlə-yeksan etməyək. Sanki toplum günahlarını “əyinlərindən soyunub” başqasına geyindirməyə təşnədir. Axı bu məsələlərdə toplumun heçmi qəbahəti yoxdur? Kimdir müqəssir?

Deyirəm:

- Mənə elə gəlir ki, məktəblərdən təhsildən başqa, hər şey istəyirik. Gəlin, imkan verək məktəblər təhsillə məşğul olsunlar! Özümüzün görməli olduğu işi də məktəbin, müəllimin üzərinə atırıq. Evimizdə islah edə bilmədiyimiz uşaqların formalaşmasını da müəllimdən, məktəbdən umuruq.

Bir az beynəlxalq təcrübəyə nəzər yetirək. Məsələn, Belçikada bir valideyn məktəbə, müəllimə “övladımı tərbiyə et!” demir, deməz, “təhsil ver!” deyər, heç onu da deməz, çünki müəllim zatən təhsilini verir.

Paradoksun böyüklüyünə baxın: müəllimdən tərbiyə gözləyirik, müəllim də özünəməxsus metodlarla uşağı tərbiyə edəndə sosial şəbəkələrdə şivən qoparırıq, şər-şəbədə qoşuruq və bəzən qarışqa fəaliyyəti göstərən müəllimə töhmət, şiddətli töhmət verdirib, işdən qovdururuq. Atam balası, övladına müəllimin tərbiyə verməsini istəmirsənsə, özün tərbiyə et, bunu məktəbdən gözləyirsənsə, onda müəllimə, məktəbə "od püskürmə!"

Azərbaycan müəllimləri dünyada yeganə müəllimlərdir ki, uşaqdan oxumaq tələb edir və bəzən bu tələbə görə tənqid hədəfinə tuş gəlir, üzü “dan əppəyi” olur. Dünyanın heç bir ölkəsində müəllim öyrəncidən oxumaq tələb etmir, oxusa oxuyur, oxumursa "liseterk" olur.

Bu yaxınlarda orta məktəblərin birində müəllim əsəbləşib yüksək tonla şagirddən dərs tələb edirdi, bunun ucundan tutub ucuzluğa getdilər və o cür tələbkar müəllimi töhmətlədilər. Elə düşünürsünüz ki, siz qazandınız? Xeyr! Yaxşı düşünün, itirdiniz, həm də daha çox. İstedadlı və məsuliyyətli müəllimi olmayan cəmiyyət əssasız kor (kor sözünə görə üzr istəyirəm) kimidir. Bu cür fədakar müəllimlərin sosial platformalarda “klaviatura qəhərmanları”nın ağzı korşalmış qılıncının qabağına verməklə məktəblər və müəllimlərimizi “qısırlaşdırırsınız”. Bu cür kəmfürsət, korafəhm əməlləri davam etdirsəniz, bir də onda ayılacaqsınız ki, heç kim müəllim olmaq istəmir. Onda iki əliniz olacaq bir də başınız. Di, döyəclə gəlsin! Amma sonrakı peşmanlıqdan kimə, nə fayda?

Haşiyə: Azərbaycan Dillər Universitetində bakalavr pilləsində (2007-2011) təhsil alan zaman qrupumuzda şifahi nitq dərsini yerli müəllimlərimizlə yanaşı, fransız mütəxəssislər də aparırdılar. Dərslərin birində tələbə yoldaşım həsəd apardığımız avropalı müəllimdən son cümləni təkrar etməyi xahiş etdi, onun cavabı bizi xeyli təəccübləndirdi: “Azərbaycan mənə bir dəfənin pulunu verir”. Halbuki bu avropalı yerli müəllimlərdən min qat çox əmək haqqı alırdı, düz oxudunuz min qat. Yerli müəllimlərimiz isə ondan dəfələrlə savadlı idilər və nəinki bir dəfə, istəsək, 20 dəfə də təkrar edərdilər, edirdilər.

İnanın bu gün Avropa universitetlərində müəllimlər çox vaxt dərsə belə getmirlər, hazır videoları elektron kabinetə yükləyirlər, şagirdlərin, tələbələrin sualları olarsa, həm əyani, həm də qiyabi şəkildə sorğu göndərə bilirlər. Yəni avropalı müəllim nəinki tərbiyə, heç təhsili belə əyani verməyə həvəsli deyil. Daha çox məsafədən, distant təhsilə önəm verir.
Bilirəm tələsirsiniz ki, bəs müəllif müqəssiri niyə göstərmir? Oxuyun, müqəssirin kimliyi ilə bağlı təhtəlşüurunuzda yaranan obrazı və ya obrazları “gözlərinizlə vərəqləyin”:

İllərdir, mətbuat media savadlılığı ilə bağlı bir broşür dərc edib, insanlara oxuda bilmirsə, vətəndaş cəmiyyəti, məxsusi olaraq qadınların təhsilinin zəruri olduğunu anlada bilmirsə, media maarifləndirmirsə, televiziya bütün günü çal-çağır edirsə, cəmiyyət alimin bozarmış kostyumuna baxıb kədərlənmirsə, milyoneri, milyarderi alimlərə deyil, baboşlara, şəbişlərə. aygünlərə, röyalara (sonuncu xanım müğənnini ecazkar səsi var, yanıla da bilərəm) "gün ağlayırsa", məktəb neynəsin?! Unutmayaq təhsil kollektiv şüurdu, hamı “əlini daşın altına qoymalıdır”.

Rus müəllif Petrov Qriqorun "Ağ zanbaqlar ölkəsi" əsərində bunun mesajları ötürülür. Necə oldu ki, Finlandiya təhsilin vətəninə çevrildi?! Orada bu suala aydın cavablar var. Təhsili məktəb, tərbiyəni ailə, ətraf mühit verməlidir. İnsan cəmiyyətə ayaq açanda plastrin kimi olur, onu alimə də döndərmək olar, cinayətkara da. Efirlərdən alim deyil, meyxanaçı bəkləyən cəmiyyət məktəbi qınamamalıdır. Buna haqqı yoxdur!


SON XƏBƏRLƏR

20 Noyabr 2024