Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal etmək üçün Rusiya silahlarından istifadə etdiyini açıq şəkildə etiraf edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycana silah tədarükü ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Ermənistan müstəqillik qazandıqdan sonra bütün illər ərzində Rusiya silahlarından istifadə edib, o cümlədən iddia etmədiyi 7 rayonu ələ keçirmək üçün...
"Bizim silahlarımız Afrikada da istifadə olunur. Mozambik bayrağında hətta Kalaşnikov avtomatı var", - Lavrov əlavə edib.
Bu etiraf regionda xüsusilə Rusiya-Ermənistan münasibətləri və Moskvanın Cənubi Qafqaz siyasəti baxımından hansı geosiyasi nəticələrə səbəb ola bilər.
Lavrovun bu bəyanatı təkcə tarixi bir faktın təsdiqi deyil, həm də hazırkı regional güc balansı baxımından diqqətəlayiq siyasi mesaj daşıyır. Azərbaycan ictimaiyyəti və dövləti üçün bu etiraf illərlə vurğulanan bir reallığın beynəlxalq səviyyədə dilə gətirilməsi baxımından əhəmiyyətlidir. Lakin bu açıqlamanın arxa planında yalnız keçmişə dair həqiqətlərin deyil, həm də hazırkı geosiyasi vəziyyətə yönəlik hədəflərin olduğu aydın sezilir.
Rusiya və Ermənistan arasında son dövrlərdə müşahidə olunan gərginlik fonunda bu tip açıqlamalar Kremlin İrəvana açıq və dolayı yollarla təzyiq strategiyasının bir parçası kimi çıxış edir. Xüsusilə Ermənistanın Qərbə inteqrasiyaya yönələn addımları, KTMT-yə münasibətdə sərgilədiyi passivlik və Rusiyanın hərbi-siyasi orbitindən uzaqlaşma cəhdləri Moskvanın narahatlığını artırır. Lavrovun sözləri bu baxımdan həm keçmişin “xatırladılması”, həm də gələcəyə yönəlik xəbərdarlıq kimi dəyərləndirilə bilər.
Rusiya keçmiş dəstəyini ifşa etməklə Ermənistana təsir imkanlarını möhkəmləndirəcək, yoxsa bu yanaşma əksinə, Moskvanın regionda daha da təklənməsinə gətirib çıxaracaq?
Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması, Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal etmək üçün Rusiya silahlarından istifadə etdiyini açıq şəkildə etiraf etməsi regionda xüsusilə Rusiya-Ermənistan münasibətləri və Moskvanın Cənubi Qafqaz siyasəti baxımından mühüm əhəmiyyət kəsb edir:
"Bu etiraf uzun illər Azərbaycan tərəfindən səsləndirilən, lakin beynəlxalq ictimaiyyət və bəzi dairələr tərəfindən diqqətə alınmayan bir həqiqətin artıq Rusiya tərəfindən təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Əslində, bu bəyanat Rusiya tərəfindən uzun müddət gizli saxlanılan və ya dolayısı ilə inkar edilən bir faktın təsdiqidir. Bu baxımdan, hər nə qədər 30 il gecikmiş olsa da, Moskvanın bu addımı müəyyən mənada obyektiv həqiqətlərin qəbuluna doğru atılmış addım kimi qiymətləndirilə bilər".
Oqtay Qasımov, politoloq
Qasımovun sözlərinə görə, bununla yanaşı, Lavrovun bu çıxışının sadəcə bir etiraf olmadığı, həm də konkret siyasi məqsədə xidmət etdiyi görünür:
"Bu açıqlamanın əsas ünvanının Ermənistan cəmiyyəti və onun siyasi elitası olduğu açıq şəkildə sezilir. Lavrov bu yolla erməni ictimai rəyinə mesaj verir ki, 1990-cı illərdə əldə etdikləri "qələbələr" Rusiyanın dəstəyi və iştirakı sayəsində mümkün olub. Dolayısı ilə, Ermənistanın hazırda Rusiyadan uzaqlaşmaq cəhdləri və Qərbə inteqrasiya niyyətləri Moskva üçün qəbuledilməzdir və nəticələri ciddi ola bilər".
Politoloq onu da əlavə edib ki, bu yanaşma həm də Rusiyanın Cənubi Qafqaz siyasətində yeni fazaya keçdiyini göstərir. Ukrayna cəbhəsində vəziyyətin nisbətən sabitləşməsi fonunda Rusiya, artıq diqqətini yenidən Cənubi Qafqaza yönəltməyə başlayır. Xüsusilə Ermənistanın son dövrlərdə Qərblə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı suallar, Moskvanın bu ölkəyə qarşı təzyiqlərini artırmasına səbəb olur. Lavrovun açıqlaması da bu təzyiqin bir aləti kimi görünə bilər.
Əli Hüseynov